Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində çıxış edib.
Akademik Şahin Mustafayevin çıxışını təqdim edirik:
"Hörmətli sədarət, hörmətli konfrans iştirakçıları!
Beynəlxalq Türk Akademiyası adından Sizləri hörmət və səmimiyyətlə salamlayıram.
Bu önəmli və mötəbər elmi konfransın təşkilatçılarını ürəkdən təbrik etmək istəyirəm.
Düz 100 il öncə, burada, bu gözəl və möhtəşəm salonda öz işinə başlayan Birinci Türkoloji Qurultay həm Azərbaycanın, həm də ümumilikdə bütün türk dünyasının tarixində olduqca önəmli yer tutan bir hadisədir.
Təbii ki, o dövrün tarixi şəraitini, bu Qurultayın təşkili səbəblərini və arxasında olan siyasi konteksti, xüsusilə, o vaxt Sovet hakimiyyəti və Bolşevik partiyasının bu tədbirin təşkili və keçirilməsində gizli niyyətlərini nəzərə aldıqda, Qurultaya müxtəlif mövqelərdən qiymət vermək olar.
Ancaq bir mühüm məqam şübhəsiz və danılmazdır – bu Qurultayın nəticələri bütün türk xalqlarının elmi və mədəni inkişafında, türk xalqları arasında təhsilin və savadlılığın geniş şəkildə yayılmasında bir dönüş nöqtəsi olmuşdur. Və beləliklə, Birinci Türkoloji Qurultay XX əsr mədəni tariximizdə müstəsna bir rol oynamışdır.
Qurultay bir neçə cəhətdən türk xalqları tarixində çox mühüm yer tutur. Bəlkə ilk baxışda qəribə görünə bilər, ancaq Qurultayın sənədlərilə diqqətlə tanış olduqda, aydın olur ki, onun təşkilatçıları, çox vaxt xidmət etdikləri bolşevik ideologiyasına baxmayaraq, bu cəhətlərə xüsusi diqqət yetirərmişlər və Qurultayın türk xalqlarının tarixindəki əhəmiyyətinə həm elmi, həm də siyasi baxımdan bir çox hallarda sərrast və düzgün qiymət vermişdilər. Görünün, 20-ci illərin ortalarında, Sovet İttifaqında hələ nisbətən söz və ifadə azadlığının mövcud olduğu bir dövrdə bu mümkün idi. Məsələn:
1) Qurultayın tarixi mahiyyəti və önəmilə bağlı ilk mühüm cəhəti Təşkilat Komitəsinin sədri Səməd Ağa Ağamalıoğlunun açılış nitqində söylədiyi sözlərlə açıqlamaq olar. O, deyirdi: “Tarixdə ilk dəfə olaraq bütün türk-tatar xalqlarının nümayəndələri öz qardaşlıq Qurultayında görüşmək imkanı əldə etmiş, burada öz mədəniyyətlərilə bağlı ən ağrılı və mühüm məsələləri müzakirə və həll etmək imkanı əldə etmişdilər. Bugünə qədər türk-tatar xalqlarının bütün tarixində belə bir böyük hadisə baş verməmişdir”. Həqiqətən, bütün minillik ümumi türk tarixinə nəzər saldıqda, görərik ki, ilk dəfə məhz 1926-cı ildə bütün türk xalqlarının nümayəndələri – ziyalıları, alimləri, dövlət xadimləri və ictimai fəalları, Bakıda toplaşaraq, müştərək bir şəkildə ortaq türk tarixi, türk mədəniyyəti, etnoqrafiyası, türk dilləri və əlifbası məsələlərinin müzakirəsi və həlli üçün bir araya gələ bilmişdilər və olduqca mühüm qərarlar almışdılar.
2) Qurultayın önəminə aid digər vacib cəhət ondan ibarət idi ki, bu dövrdə türk xalqları öz mədəni və iqtisadi inkişafında böyük və tarixi bir addım atmalı idi, savad və mədəni tərəqqi cəhətindən bir sıra digər xalqlardan geridə qalmışlığına son qoymalı, onu aradan götürməli idilər. Bu vəziyyətin tarixi səbəbləri ilə bağlı Mirzə Davud Hüseynov Qurultaydakı çıxışında çox mühüm məqamlara toxunaraq deyirdi: “Türk xalqları öz saylarına görə Böyük Sovet İttifaqı xalqları arasında ilk yerlərdən birini tutur. Baxsaq görərik ki, onlar Altay dağlarından, böyük Volqa çayından, başıqarlı Qafqaz dağlarından gözəl Krıma qədər əngin ərazilərdə yaşayırlar. Yaxın keçmişdə, hələ təqribən 10 il əvvəl, bu xalqlar çarizmin ağır boyunduruğu altında inləyirdilər. Siz bilirsiniz ki, çarizm yalnız rus fəhlə və kəndlilərini deyil, həm də bütün digər xalqları boğurdu. Bu zülmü xüsusilə milli azlıqlar (inorodtsı) hiss edirdi. Siz bilirsiniz ki, çar hökuməti bütün qeyri-rus xalqlarına qarşı müəyyən bir siyasət yeridirdi – ruslaşdırma siyasəti. Bu siyasətin mahiyyəti ondan ibarət idi ki, çar hökuməti nə az, nə çox, qeyri-rus xalqlarının məhv edilməsini, onların ruslaşmasını istəyirdi. Yoldaşlar, Özbəkistan, Türkmənistan, Azərbaycan və Qazaxıstanın torpaqıarının çar hökuməti tərəfindən işğal edilib tutulmasını başqa bir şeylə izah etmək mümkün deyil; çar hökuməti tərəfindən hətta “türk” sözünün belə qadağan edilməsi başqa bir şeylə izah edilə bilməz. Bu söz qanundan kənar sayılırdı”.
Rusiyalı dövlət ve elm adamlarının da iştirak etdiyi mühüm bir beynəlxalq tədbirdə türk xalqlarının tarixi keçmişi və taleyi ilə bağlı bu həqiqəti açıq şəkildə bəyan etmək, heç şübhəsiz, cəsarət istəyən bir addım idi. Təbii ki, deyilənləri nəzərə aldıqda, Qurultayın yalnız alim iştirakçıları deyil, onu təşkil edən Sovet dövləti və Bolşevik partiyasının vəzifəli şəxslərinin də 1930-cu illərin sonunda ağır repressiyalara uğraması heç də təəccüblü gəlmir. Belə fikirləri açıq şəkildə bəyan edən və ya onları öz qulaqları ilə eşidən Qurultay iştirakçıları, bu tədbirin şahidləri 30-cu illərdə Stalinin yeni siyasətinin təbii düşmənləri sayılmalı idi və onlar heç bir şəkildə o repressiyalardan sağ çıxa bilməzdilər.
3) Türkoloji Qurultayın tarixi önəminə aid bir mühüm cəhət də türk dillərində əlifba, imla və terminologiya məsələləri və buradan irəli gələn xalq kütlələrinin maariflənməsi və savadlanmasına, xüsusilə onların arasında ana dilində təhsilin yayılmasına yol aça biləcək addımların atılması zərurəti ilə bağlıdır. Yenə də, Mirzə Davud Hüseynovun çıxışında bu barədə aşağıdakı dəyərli fikirlər irəli sürülmüşdür: “Bizim xalqlar, xüsusilə türklər, mədəniyyət və savadlılıq məsələsində olduqca böyük əziyyət çəkirlər. Azərbaycan və Türkmənistan kimi ən qabaqcıl respublikaları da götürsək, hətta bu respublikalarda savadlılıq yalnız 10-15% səviyyəsindədir. Bununla belə, bu məsələdə biz xeyli irəli gedə bilərdik və bizim səylərimiz onu göstərir ki, ən çox ehtiyacımız olan şey savadlılıqdır. Bilirsiniz ki, bu məsələdə biz böyük bir əngəllə rastlaşırıq. Söhbət bizim əlifbadan, ərəb əlifbasından gedir. Hər kəs qəbul edir ki, ən azından mövcud olduğu şəkildə bu əlifba bizim üçün böyük bir maneədir”.
Bu məsələ ilə bağlı Qəzənfər Musabəyov da öz açılış nitqində vacib məqamlara toxunur və deyirdi: “Türkoloji Qurultayın qarşısında praktik əhəmiyyətə malik məsələlər durur. Bu, dil, terminologiya, savadsızlığın ləğv edilməsi kimi böyük vəzifələrdir, ... orta və ali məktəblərdə ana dilində tədris, dərsliklərin ana dilinə tərcüməsi və s. kimi vacib məsələlərdir. Bütün bu önəmli səylərimiz bəzən dil və terminologiyanın naqisliyi problemi ilə üzləşir. Bu mühüm məsələlərin həllində Türkoloji Qurultaya ümidimiz böyükdür”.
Beləliklə, Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni həyatında qarşıda duran olduğca önəmli məsələləri həll etməyə çalışmış və xüsusilə xalqlarımızın latın əlifbasına keçidi kimi önəmli bir vəzifənin öhdəsindən gəlmişdir.
1939-cu ildə siyasi repressiyalar dövründə əldə edilən bu nailiyyətlərə son verilsə də, Qurultayın bu böyük zəfəri unudulmamışdır. Təsadüfi deyil ki, 1991-ci ildə bir sıra türk xalqları öz müstəilliklərini yenidən əldə etdikdən dərhal sonra latın əlifbasına keçid məsələsi bir daha gündəmə gətirilmişdir.
Və böyük qürür və iftixar hissilə demək istəyirəm ki, 2023-cü ildə məhz Beynəlxalq Türk Akademiyasının səyləri və əlaqələləndirməsi ilə Türk Dövlətlər Təşkilatının təşəbbüsü ilə yaradılmış dövlətlərarası Ortaq Türk Əlifbası Komissiyası öz işinə başlamış. Bu işdə Akademiya digər tərəfdaş təşkilatlarla, o cümlədən dilçilik institutları ilə, Türk Dil Qurumu ilə, tanınmış dilçi alimlərimizlə yaxın əməkdaşlıq etmişdir. Və nəhayət, 2024-cü ilin sentyabr ayının 11-də yenə də Bakıda keçirilən Komissiyanın 3-cü toplantısında latın əsaslı 34 hərfli Ortaq Türk Əlifbası qəbul edilmişdir. Bununla, Beynəlxalq Türk Akademiyası və onun tərəfdaşları, 1926-cı il Türkoloji Qurultayın bütün iştirakçılarının, ümumilikdə xalqımızın maariflənməsi və milli mədəniyyətimizin inkişafı naminə həyatlarını sərf etmiş bütün böyük ziyalılarımızın xatirəsi qarşısında öz borcunu qismən də olsa yerinə yetirmişdir.
Allah bütün böyük ziyalılarımıza, maarifçilərimizə, bu yolda şəhid olmuş alimlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Bugünkü konfrans göstərir ki, onların amalları bu gün də sağdır və işləri bu gün də davam edir.
Konfransın işinə uğurlar diləyirəm!"
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.