Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın əhəmiyyəti ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik:
– Şahin müəllim, iki gün keçirilən və çoxlu sayda ziyalının qatıldlığı beynəlxalq konfransın əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Bu gün AMEA və tərəfdaş təşkilatların təşkil etdiyi beynəlxalq konfrans böyük elmi və mənəvi əhəmiyyət daşıyır. Tədbir Türk xalqlarının mədəni və elm tarixində dönüş nöqtəsi olmuş 1926-cı il Bakı I Türkoloji Qurultayının 100 illiyinə həsr olunub. Həmin qurultayda olduğu kimi, bu gün də Türk dünyasının ziyalıları – xüsusilə dilçilər və ədəbiyyatçılar – bir araya gəliblər. Bu, həm elmi varisliyin, həm də tarixi yaddaşın davamlılığının göstəricisidir.
– 1926-cı il Bakı I Türkoloji Qurultayının tarixi əhəmiyyəti nədən ibarət idi?
– 1926-cı ildə keçirilmiş Bakı I Türkoloji Qurultayı ümumtürk tarixində mühüm mərhələ idi. İlk dəfə olaraq bütün Türk xalqlarının alim və ziyalıları bir araya gələrək Türk mədəniyyətini, dillərini və əlifbasını vahid elmi müstəvidə müzakirə etdilər. Türkologiya məhz həmin qurultayda inteqrativ elm kimi formalaşdı və sistemli yanaşma qazandı.
Qurultayın ən mühüm nəticələrindən biri latın əlifbasına keçid məsələsi oldu. Lakin 1930-cu illərdə həmin ziyalıların əksəriyyəti repressiyaya məruz qaldı. Onlar Türk xalqlarının milli kimliyini və mənəvi məsuliyyətini daşıyan insanlar idi. 1939-cu ildə isə qurultayın nailiyyətləri ləğv edildi və Türk xalqları zorla kiril əlifbasına keçirildi.
– Müstəqillik dövründə ortaq Türk əlifbası istiqamətində hansı addımlar atılıb?
– 1990-cı illərdə Türk dövlətləri müstəqilliklərini bərpa etdikdən sonra ortaq Türk əlifbası məsələsi yenidən gündəmə gəldi. Bu istiqamətdə elmi müzakirələr ardıcıl şəkildə davam etdirildi. 2022-ci ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatının qərarı ilə Dövlətlərarası Ortaq Əlifba Komissiyası yaradıldı və prosesin koordinasiyası Beynəlxalq Türk Akademiyasına həvalə edildi.
2023-cü ildən etibarən Komissiya fəaliyyətə başladı və 11 sentyabr 2024-cü il tarixində keçirilən üçüncü iclasında latın qrafikalı Ortaq Türk Əlifbası təsdiq olundu. Hesab edirəm ki, bu qərar 1926-cı ildə maarif və milli kimlik uğrunda mübarizə aparmış alimlərin ruhu qarşısında yerinə yetirilən tarixi və mənəvi öhdəlikdir. Bu, həm də göstərir ki, onların başladığı ideya yaşayır və Türk dünyası tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Bugünkü konfrans da sübut edir ki, zamanın sınaqlarından keçmiş ideyalar unudulmur. Mən konfransı təşkil edən AMEA-ya və tərəfdaşlarına təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Anar Əliyev (Turan), AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.