Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edən Türkiyə Respublikası Marmara Universitetinin dosenti Sərdar Oğuzhan Çayçıoğlu tədbirlə bağlı təssüratlarını bölüşüb.
- 100 il əvvəl bizim babalarımız, elm adamlarımız, ziyalılarımız burada, bu məkanda toplaşdı və Azərbaycan Türk dünyası üçün ilk qurultayın təməlini qoydular. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Bundan 100 il əvvəl bu salonda həm azərbaycanlı elm adamları, həm də Azərbaycanın kənarından — Türk dünyasının müxtəlif bölgələrindən, xüsusilə Rusiyanın müxtəlif yerlərindən gələn elm adamları Türk dünyasında birliyi, xüsusən də əlifba birliyini qurmaq üçün müxtəlif fikirlər irəli sürdülər. Təbii ki, çoxlu müzakirələr oldu. Burada əlifbanın bir olması, xüsusilə Latin əlifbasına keçidlə bağlı müxtəlif mübahisələr apardılar. Bu, əlbəttə ki, Türk birliyi üçün, yəni türklərin bir-birini başa düşməsi
üçün çox vacib idi. Çünki bir tərəf ərəb əlifbası işlədir, İstanbulda da ərəb əlifbası işlədilirdi, amma bilirsiniz ki, bu, buradakı ilə bir az fərqlənirdi. Krımdakı, Kazandakı, Azərbaycandakı və ya Tiflisdəki türklər o dövr etibarilə bir-birlərini tam anlamaqda və ya yazılanları oxumaqda çətinlik çəkirdilər. Bunun üçün bir əlifba, xüsusilə Latin əlifbası bizim sözlərimizi daha gözəl ifadə edirdi. Çünki ərəb əlifbasındakı bəzi nüanslar dilimizi tam əks etdirmirdi. Buna görə də bu mövzu çox vacib idi və belə bir toplantı keçirildi. Amma nə yazıq ki, davamlı olmadı. Ancaq bu günə baxdıqda, bütün türklər yavaş-yavaş artıq Latin əlifbasına keçirlər. Birinci Türkoloji Qurultay, əslində, Türk Dövlətləri Təşkilatının qurulmasının da təməlləridir. Yəni bu gün Türk dünyasının mədəniyyət, dil və ədəbiyyat sahəsində birlik təməli bu qurultayla başladı. Bu səbəbdən bunu vacib hesab edirik və qurultayın yubileyi münasibətilə burada toplaşmışıq.
- Keçən dövrə gənc alim olaraq baxışlarınız?
- Məncə, çox gözəl bir inkişafdır. Yüz ildə bu qədər mühüm məsafə qət edilməsi, təbii ki, təqdirəlayiqdir. Bunda son illərdə Azərbaycan və Türkiyə arasında yaşanan daha yaxın yaxınlaşmanın da rolu var. Xüsusilə Qarabağ müharibəsindən sonra bilirsiniz ki, daha böyük bir yaxınlaşma oldu və bu, Türk Dövlətləri Təşkilatına çevrildi. Əvvəllər bunun adı "Türkdilli Xalqların Birliyi" və ya buna bənzər şəkildə idi. Amma artıq adı "Türk Dövlətləri" oldu. Bəzi dövlətlər müşahidəçi kimi qatıldılar, amma artıq onlar da yaxından izləyərək bu birliyə daxil olmağa başladılar. Buna görə də son illərdə birlik mənasında daha böyük yaxınlaşma görürəm.
- Bu konfrans üçün sözünüz, fikriniz, arzunuz.
- Qürurluyuq. Burada olduğumuz üçün çox xoşbəxtik. Çünki bu, mənim üçün, həqiqətən, mühüm bir fürsətdir. Mən bir gənc alim tədbirdə iştirakda qürur duyuram. Özümü şanslı hiss edirəm, çünki 100-cü ildə buradayam. Bu mənim üçün, həqiqətən, əhəmiyyətlidir.
Təbii ki, babalarımız - Əlibəy Hüseynzadə və digərləri, saymaqla bitməyən dəyərlərimiz bu otaqda bu qurultayı keçiriblər. Yenidən bu havanı duymaq mənim üçün çox xoşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.