Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hülya Kasapoğlu-Çengel: 100 il əvvəlin qiymətini yenidən dərk edirik
02.03.2026 13:50
  • A-
  • A
  • A+

Hülya Kasapoğlu-Çengel: 100 il əvvəlin qiymətini yenidən dərk edirik

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Ankara Hacı Bayram Vəli Universitetinin Türkoloji Mərkəzin direktoru, professor Hülya Kasapoğlu-Çengel tədbirlə bağlı müsahibə verib.

- Hülya xanım, xoş gəlmisiniz. Çox gözəl və mənalı bir gündə görüşürük. Həqiqətən də, tarixi bir gündür. Elə bir gündür ki, 100 il əvvəl atalarımızın, böyük arzuların qovuşduğu bir məkandayıq. Bizi bu gün də yaşadan məhz o arzular idi. Bir anlıq 100 il əvvələ, keçmişə qayıdaq. Sizin bir elm adamı, türkoloq, dilçi, vətəndaş və bir türk xanımı kimi fikirlərinizi bilmək istərdik.

- 100 il əvvəl, 26 fevral tarixini hazırlayan mühüm səbəblər var idi. Sovet rejiminin ağır təzyiqlərinin olduğu bir dövrdə təkcə sovet türkoloqları deyil, həmçinin Türkiyə Cümhuriyyətindən, Almaniyadan və müxtəlif ölkələrdən gələn, əksəriyyəti türk soylu xalqlardan ibarət nümayəndələr bu toplantıda iştirak edirdi. Bu toplantının İsmayıl bəy Qaspıralıya və cədidizm hərəkatına qədər uzanan böyük bir tarixi arxa planı var idi. Qaspıralının gələcək üçün böyük ümidləri və hədəfi var idi: türksoylu xalqlar üçün ortaq ədəbi dil, ortaq ədəbiyyat və ortaq mədəni həyat yaratmaq. Buna böyük ehtiyac var idi, çünki biz Bilgə xaqandan və Orxon-Yenisey abidələrindən bəri tarixdə müstəqil yaşamış bir millətik; müstəqillik bizim xarakterimizdir. Lakin Çar Rusiyasının hakimiyyəti ilə türk dünyası güclü, totalitar və avtoritar bir rejimin altına düşmüşdü. Qaspıralının öncülük etdiyi "Tərcüman" qəzeti, eləcə də o dövrdə Azərbaycanda nəşr olunan "Ziyayi-Qafqaziyyə" və "Kəşkül" kimi mətbuat orqanlarının hamısının məqsədi ortaq idi: ortaq mədəni həyat qurmaq. İ.Qaspıralı buna nail oldu və fəaliyyəti vəfatından sonra da davam etdi. Onun yarımçıq qalan hədəfləri 1926-cı ildə Bakıda bir qığılcıma çevrildi. Xarici türkoloqlar qurultayın Radlova ithaf olunmasını istəsələr də, Səməd Ağamalıoğlu kimi simaların başçılıq etdiyi türk tərəfi onun məhz İ.Qaspıralıya ithaf edilməsini təklif etdilər. Bu, türk dünyasının ümidi və gələcəyi idi. Ən önəmli məsələ isə əlifba idi. Bir tərəf bizi tarixi mirasa bağlayan on əsrlik ərəb əlifbasında qalmağı, digər tərəf isə latın qrafikasına keçməyi müdafiə edirdi. Bu qurultayda Qazaxıstandan Əhməd Baytursun, Qırğızıstandan Qasım Tınıstanov və Ukraynadan Krım əsilli Aqafangel Krımski kimi çox qiymətli şəxsiyyətlər iştirak edirdilər. Bu nümayəndələrin aqibəti isə çox ağır oldu, biri əcəli ilə vəfat etdisə, digərlərinin hamısı "Böyük terror" dövründə ya qətlə yetirildi, ya həbsxanalarda can verdi, ya da sürgün olundu. 

- Bugünkü tədbir üçün fikirləriniz, arzularınız.

- Bu gün biz 100 il əvvəlin qiymətini yenidən dərk edirik və Azərbaycan yenidən bu tarixi hadisəyə ev sahibliyi edir. O zaman Azərbaycan SSR-in paytaxtı olan Bakı, indi müstəqil Azərbaycan Respublikasının paytaxtı kimi bu günü yad edir. Lakin bu, sadəcə toplantılarla kifayətlənməməli, 100 ildir həllini gözləyən məsələlər artıq real həyata keçirilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: