Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Ahmet Taşağıl: Türk tarixini və mədəniyyətini ən üst səviyyədə araşdırıb gələcək nəsillərə ötürməliyik
02.03.2026 13:58
  • A-
  • A
  • A+

Professor Ahmet Taşağıl: Türk tarixini və mədəniyyətini ən üst səviyyədə araşdırıb gələcək nəsillərə ötürməliyik

Fatih Sultan Mehmet Universitetinin professoru Ahmet Taşağıl Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın əhəmiyyəti ilə bağlı müsahibə verib.

- Əhməd bəy, babalarımızın 100 il bundan əvvəl burada, bu sarayda, bu gözəl məkanda yaratdığı nur, işıq 100 il sonra bizə gəlib çatıb. İndi bilmək istərdim, bu yüzillik tarixində nələri müşahidə etdiniz?

- Əslində, XIX əsrin ikinci yarısı və XX əsrin ilk yarısında türklər bir oyanış dövrünə qədəm qoydular. Bütün türk xalqları — istər Sibirdə, Orta Asiyada, Azərbaycanda, istərsə də Qara dənizin şimalında və Türkiyədə. Bakı Türkoloji Qurultayı bunun bir təzahürü, bir nəticəsidir. Həqiqətən də, bu gün bütün dünyada türkoloji və türklük elmi araşdırmalarında bu, çox dəyərli bir simvoldur. Bu gün biz türk tarixini, dilini, ədəbiyyatını və mədəniyyətini araşdırırıqsa, Bakı Türkoloji Qurultayına çox şey borcluyuq. O dövrün çətin şərtləri altında, Sovetlərin təzyiqi və s. baxmayaraq, onlar əllərindən gələni edərək türklük elmi naminə mühüm işlər gördülər. Biz də onların yolu ilə getməyə çalışırıq. O zamankı böyük alimlərə — bütün ölkələrdən qatılan o 131 nəfərə çox təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Çünki türk tarixi çox geniş bir əraziyə yayılıb. Azərbaycan bunun mərkəzindədir, Bakı bunun mərkəzində möhtəşəm bir yerdir. Amma ümumi baxsaq, Koreyadan Macarıstana, Sibirin dərinliklərindən Hindistana qədər çox geniş sahələrdə türk tarixi özünü göstərir. Bakı Türkoloji Konqresi isə bunun zirvəsidir. Biz bu zirvədən dərs çıxararaq gələcək nəsillərə türkoloji araşdırmaların necə aparılmalı olduğunu anlatmalıyıq. 

Bugünkü baxışımız təbii ki, bunun 100-cü ilinə olan baxışdır. Dünya çox inkişaf etdi, dəyişdi, amma şükürlər olsun ki, Azərbaycan hələ də var. Türklər də var, türk mənşəli xalqlar da var. Bir tarixçi kimi deyə bilərəm ki, biz türk tarixini və mədəniyyətini ən üst səviyyədə araşdırıb gələcək nəsillərə ötürməliyik. Ona görə də 100-cü ildə burada toplaşmaq çox dəyərlidir. Mən Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Elmlər Akademiyasına, Türkiyədən və digər türk dünyasından gələn hər kəsə təşəkkür edirəm.  İndi mən burada olduğum üçün çox həyəcanlı və qürurluyam. Bir çox qazax, azərbaycanlı və digər ölkələrdən gələn dostlarım var. Bir araya gəlmək, buranı yad etmək çox vacibdir. Çünki bu insanların bir hissəsi əziyyət gördü, işgəncəyə məruz qaldı və həyatını itirdi. Bunları gələcək nəsillərə düzgün anlatmaq və unutmamaq lazımdır. Hər zaman daha irəliyə doğru getməliyik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: