1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının milli özünüdərk tarixində fundamental mərhələlərdən biri kimi dəyərləndirilir. Qurultayda səsləndirilən ideyalar türk xalqlarının dil birliyinin təmin olunması, mədəni inteqrasiyanın gücləndirilməsi və mənəvi həmrəyliyin bərpasına yönəlib.
Bu fikirləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidenti, professor Dərya Örs deyib.
Professor Dərya Örs bildirib ki, Türk dünyası tarixində silinməz iz qoymuş Qurultayda Sovet məkanında yaşayan türk xalqlarının nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gələn alimlər də daxil olmaqla ümumilikdə 131 nəfər iştirak edib. Doqquz gün davam edən toplantıda türklər arasında ilk dəfə ortaq milli kimlik anlayışı, əlifba və orfoqrafiya məsələləri sistemli şəkildə müzakirə olunub.
Onun sözlərinə görə, Qurultayın əsas gündəm mövzularından biri yeni əlifbaya keçid, xüsusilə latın qrafikalı ortaq türk əlifbasının qəbul edilməsi məsələsi olub. Bu ideyanın praktik nəticəsi kimi 3 noyabr 1928-ci il tarixində Türkiyə Cümhuriyyəti ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçib.
Türkiyəli professor vurğulayıb ki, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət latın qrafikalı “Ortaq Türk Əlifbası” qəbul edilib. Bu addım əslində Birinci Türkoloji Qurultayda irəli sürülmüş ideyaların müasir dövrdə reallaşmasının göstəricisidir.
“100 il sonra Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanda, Bakıda, dünyanın müxtəlif ölkələrindən türk xalqlarının nümayəndələrinin və türkoloqların yenidən bir araya gəlməsi xüsusi rəmzi məna daşıyır. Türk dövlətləri bundan sonra da gələcək yol xəritəsini birlikdə müəyyən edəcək və bu istiqamətdə inamla irəliləməyə davam edəcək”, – deyə professor Dərya Örs bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.