I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində Bakıda səfərdə olan Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun direktoru Davut Orazsəhədov Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.
Qonağı institutun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli qarşılayıb. O, görüş zamanı institutda 2024-cü ilin may ayından etibarən Məhtimqulu Fəraqi adına Türkmən ədəbiyyatı mərkəzi fəaliyyət göstərdiyini və Mərkəzin alimləri tərəfindən indiyədək türkmən ədəbiyyatına dair 10-dan artıq tədqiqat, tərtib və tərcümə kitabı hazırlanaraq nəşr olunduğunu bildirib. Mehman Həsənli gələcəkdə ortaq tədqiqatların aparılmasının, birgə məqalə və kitabların yazılmasının vacibliyini vurğulayıb.
Davut Orazsəhədov Azərbaycanda Məhtimqulu Fəraqi irsinin yüksək səviyyədə araşdırıldığını məmnunluqla qeyd edib. O, Ədəbiyyat İnstitutu tərəfindən Məhtimqulu Fəraqinin Bakıda aşkar olunan “Divan” nüsxəsinin nəşrini, həmçinin şairin “Poemalar” kitabının ilk dəfə çap olunmasını xüsusi vurğulayıb.
Qonaq institutda fəaliyyət göstərən Məhtimqulu Fəraqi adına Türkmən ədəbiyyatı mərkəzi ilə yaxından tanış olub. Mərkəzin müdiri, dosent İsmixan Osmanlı və türkmən ədəbiyyatı üzrə tədqiqatçı dosent Töhfə Talıbova Azərbaycan-Türkmənistan arasında qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsi istiqamətində həyata keçirilən elmi layihələr barədə məlumat veriblər.
Görüşdə gələcək birgə tədqiqatların aparılması və elmi əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.