Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri olmuşdur.
Bu fikirləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Hacettepe Universiteti Türkoloji Araşdırmalar İnstitutunun direktoru, professor Yunus Koç açıqlamasında bildirib.
O, Birinci Türkoloji Qurultayın keçirilməsinin tarixi zərurətindən danışaraq, toplantının məhz Bakı şəhərində təşkil olunmasının səbəblərinə diqqət çəkib. Bildirib ki, XX əsrin əvvəllərində Bakı iqtisadi, ticari və mədəni baxımdan regionun aparıcı mərkəzlərindən biri kimi tanınmağa başlamışdı və bu amil Qurultayın burada keçirilməsini şərtləndirən əsas səbəblərdən olmuşdur.
Professor Yunus Koç qeyd edib ki, 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində türk dünyasının tanınmış alimləri, dilçiləri, tarixçiləri, şairləri, yazıçıları və digər görkəmli mütəfəkkirləri ilk dəfə bu miqyasda bir araya gələrək SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcəyə hesablanmış mühüm qərarlar qəbul etmişdir.
İnstitut direktoru vurğulayıb ki, məhz Birinci Türkoloji Qurultayın qərarları əsasında keçmiş Sovetlər Birliyinə daxil olan türk respublikalarında latın qrafikalı əlifbaya keçid prosesinə başlanılıb. Eyni zamanda, bu Qurultayda ilk dəfə olaraq türk xalqlarının öz tarixi və mədəni irsi ilə bağlı elmi tədqiqatların istiqamətləndirilməsinə dair sistemli yanaşma formalaşdırılıb.
Türkiyəli professor bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə qeyd olunması gələcək elmi araşdırmalar üçün də mühüm zəmin yaradır. Onun sözlərinə görə, bu yubiley yalnız tarixi xatırlamaq deyil, həm də ideya varisliyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir.
“1926-cı ildə Qurultay iştirakçılarına ‘yoldaşlar’ deyə müraciət olunurdu. Bu gün isə ‘qardaşlar’ deyə müraciət edirik. Bu dəyişiklik Türk dünyasında ideoloji çərçivədən mənəvi və milli həmrəyliyə keçidin rəmzidir”, – deyə institut direktoru əlavə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.