AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırovun mətnlərini XVIII əsr rus dilindən tərcümə etdiyi “Nadir şah: Sənədlərin dili ilə tarixi portret” kitabı işıq üzü görüb.
Layihənin rəhbəri, yeni nəşrin elmi redaktoru, tərtibçisi, giriş mətninin və elmi şərhlərin müəllifi tanınmış alim tarix e.d. Nigar Gözəlovadır.
Kitab XVIII əsr tarixşünaslığının dərin, sistemli və konseptual təhlilini təqdim edir. Əsərdə Avropa və Rusiya mənbələri əsasında Nadir şahın obrazının formalaşma prosesi elmi ardıcıllıqla araşdırılır.
Diqqət çəkən məqamlardan biri də budur ki, Nadir şah haqqında ilk iri həcmli tarixi tədqiqatlar və bioqrafik əsərlər hələ onun sağlığında ‒ 1738-ci ildən etibarən meydana çıxmışdır. XVIII əsr boyunca demək olar ki, bütün Avropa ölkələrində və Rusiyada bu böyük sərkərdənin həyat və fəaliyyətinə həsr olunmuş silsilə əsərlər çap olunmuşdur. Onun şəxsiyyətinin və hərbi-siyasi fəaliyyətinin miqyası müasirlərini o qədər heyrətləndirmişdir ki, Nadir şah artıq öz dövründə Avropa intellektual məkanının diqqət mərkəzinə çevrilmişdir.
“Nadir şah: Sənədlərin dili ilə tarixi portret” adlı kitab çoxcildli nəşrin ilk hissəsidir. Nəşrin əsas elmi yeniliyi Azərbaycan tarixşünaslığında ilk dəfə XVIII əsrə aid iki mühüm rus diplomatik mənbənin – arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, Azərbaycan dilinə tərcümə olunması, geniş elmi şərhlərlə və orijinal mətnlə birlikdə çap edilməsidir. Bu mənbələr Əfşar dövlətinin daxili siyasi mexanizmlərini, saray çəkişmələrini və hakimiyyət uğrunda mübarizəni birbaşa müşahidələr əsasında işiqlandıraraq dövrün hadisələrinə yeni baxış imkanı yaradır.
Nəşr Nadir şah Əfşarın siyasi irsinin obyektiv şəkildə öyrənilməsi üçün etibarlı mənbə bazası formalaşdırmaqla yanaşı, erkən yeni dövrdə Şərq-Qərb münasibətlərinin tarixşünaslıq aspektlərinin araşdırılması baxımından da əhəmiyyətli elmi töhfə kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, kitab 1736-cı ildə Muğan düzünün Suqovuşan ərazisində keçirilmiş və Qızılbaş dövlətçiliyinin XVIII əsr siyasi tarixində mühüm yer tutan qurultayın 290 illiyinə həsr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.