Türkiyənin Ankara şəhərində Ankara Rəsm və Heykəl Muzeyi, türk ocağı salonunda Türk Tarix və Kültür vəqfinin (Tubitak) təşkilatçılığı ilə “1926 Bakı Türkoloji Qurultayının 100 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans türk dünyasının böyük şəxsiyyəti, ideoloqu, krım-tatar maarifçisi İsmayıl bəy Qaspralının xatirəsinə ithaf olunub. Konfransda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğzıstan, Türkmənistan və Rusiyadan alimlər yer alıb. Bu tədbir əsasən Türkiyə, Azərbaycan və Orta Asiya türk dövlətlərinin ortaq elmi platforması olub.
Məqsəd türk dünyasının dil, əlifba və tarix məsələlərini birgə müzakirə etməkdir. Konfransda türk əlifbalarının tarixi, ortaq türk dili və terminologiya, dil siyasəti və islahatlar, mədəni birlik məsələsi müzakirə olunub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultayın siyasi və elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Nadir Məmmədli çıxışında vurğulayıb ki, Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinin tarixi təməlidir. 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Birinci Türkoloji Qurultayda Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş 131 nümayəndə iştirak edib. Birinci Türkoloji Qurultayın əsas vəzifələri sırasında Türk dünyasının inteqrasiyası, elmi və mədəni əməkdaşlığın gücləndirilməsi dayanıb. Birinci Türkoloji Qurultay Türk Dünyasının elmi həyatında dönüş nöqtəsi olmuşdur. O, yalnız əlifba və dil məsələsi ilə məhdudlaşmır, həm də elmi birlik, kollektiv qərarvermə və metodoloji vahidlik ideyalarının formalaşması baxımından tarixi əhəmiyyət kəsb edir.
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərində iştirakından məmnunluğunu dilə gətirən Nadir Məmmədli təşkilatçılara minnətdarlığını bildirib: “Bu hadisənin ən böyük əhəmiyyəti türkoloqların Türk dünyasının gələcəyi ilə bağlı gözləntilərini və ümidlərini artırmasıdır. Bakıda və Ankarada gerçəkləşən bu konfranslar nümayiş etdirir ki, Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənərək reallığa çevrilməkdədir”.
Konfrans bu gün öz işini yekunlaşdıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.