Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2016 09:16
  • A-
  • A
  • A+

AMEA-nın gənc tədqiqatçıları əcnəbi tələbələrlə birgə elmi müzakirələr aparıblar

AMEA-nın gənc tədqiqatçıları əcnəbi tələbələrlə birgə elmi müzakirələr aparıblar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanda təhsil alan əcnəbi tələbələrin gənc alim və mütəxəssislərlə görüşü keçirilib. Ölkədə ilk dəfə baş tutan belə bir görüşün məqsədi qonaqları yerli gənclərin elmi-tədqiqat istiqamətləri və işləri ilə tanış etmək və əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək olub.   

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Fondun fəaliyyəti, əsasən də əcnəbi tələbələrin Azərbaycan həqiqətləri və elminin nailiyyətləri barədə məlumatlandırılması istiqamətində müntəzəm olaraq həyata keçirdiyi layihələr barədə məlumat verib.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi birliyin fəaliyyət istiqaməti, xüsusən də beynəlxalq əlaqələri, o cümlədən indiyədək keçirilən  dünya miqyaslı forum, konfrans və s. haqqında geniş məlumat verərək qeyd edib ki, məhz bu əlaqələr sayəsində gənc həmkarlarımız nüfuzlu xarici təhsil və tədqiqat mərkəzlərinin gəncləri ilə elmi əməkdaş edir. Bildirilib ki, mövcud ənənələrin Azərbaycanda təhsil alan xarici vətəndaşlarla davam etdirilməsi də çox faydalı olardı. Bunun üçün Şura istənilən müvafiq təşəbbüsün dəstəklənməsində maraqlı tərəfdir.  

Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmovİqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüfət ƏfəndiyevMərkəzi Nəbatat bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə dair geniş təqdimatlarla çıxış ediblər. Təqdimatlarda hər üç müəssisənin fəaliyyəti, gənclər siyasəti, beynəlxalq əlaqələri və s. haqqında məlumatlar verilib.

Daha sonra qonaqlar Mərkəzi Elmi Kitabxana ilə yaxından tanış olublar.

Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərdə təhsil alan Türkiyə, Rusiya, Türkmənistan, İtaliya, Çin, Pakistan, Koreya, Nigeriya, Suriya, Özbəkistan və digər ölkələri təmsil edən tələbə, magistr və doktorantlar iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: