Tarix elmləri doktoru, professor, etnoqraf Fəzail İmran oğlu Vəliyev martın 8-də vəfat etmişdir.
Fəzail Vəli İmranoğlu 30 avqust 1956-cı ildə Xanlar (indiki Göygöl) rayonunun Salahlı kəndində anadan olub. O, 1963-1973-cü illərdə həmin rayonun Poylu kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olur. 1980-ci ildə oranı bitirdikdən sonra təyinatla Kəlbəcər Rayon Xalq Maarif Şöbəsinin sərəncamına göndərilən Fəzail Vəli İmranoğlu 1980-1982-ci illərdə rayonun Tatlar kəndində tarix müəllimi işləyib. 1983-cü ildən AMEA-da əmək fəaliyyətini davam etdirir.
Fəzail Vəli İmranoğlu 1984-87-ci illərdə AMEA Tarix İnstitutunun aspirantı olmuş, aspirantura təhsilini başa vurduqdan sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Tarixi etnoqrafiya" şöbəsində baş laborant kimi çalışmışdı. 1990-cı ildə N.N.Mikluxo-Maklay adına SSRİ Etnoqrafiya İnstitutunun Sankt-Peterburq Bölməsində "XIX-XX əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsinin maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "tarix elmləri namizədi" elmi dərəcəsini almışdı.
Fəzail Vəli İmranoğlu 1990-2008-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Tarixi etnoqrafiya" şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışmış, 2007-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda "XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "tarix elmləri doktoru" elmi dərəcəsini almışdır. 2010-2018-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu "Etnososioloji tədqiqatlar" şöbəsində aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində yeni yaradılan Antropologiya Mərkəzinin (sonradan Antropologiya şöbəsi) baş elmi işçisi vəzifəsində çalışıb.
2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.
Elmi fəaliyyəti dövründə ölkə və xarici jurnal və məqalələr toplularında 160-a qədər elmi məqalənin və 9 monoqrafiyanın müəllifi, 15-ə qədər monoqrafiyanın elmi redaktoru və rəyçisi olmuşdur. AMEA Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərmiş Dissertasiya şurasının üzvü idi. 2023-cü ildən Beynəlxalq elmi jurnal – "Folklor və etnoqrafiya"-nın redaksiya heyətinin də təmsil olunmuşdu.
1994-2014-cü illlərdə ETM "Təfəkkür" universitetində dosent və professor, 1994-1997 – ci illərdə Odlar Yurdu Universitetində dosent, 2015- ci ildə Bakı Dövlət Universitetində professor kimi pedoqoji fəaliyyət göstərmişdir. Bu illərdə o, "Etnoqrafiya", "Azərbaycan tarixi", "Beynəlxalq münasibətlər tarixi", "Azərbaycanın dövlət və hüquq tarixi", "Xarici ölkələrin dövlət və hüquq tarixi", "Siyasi tarix", "Diplomatiya tarixi" fənlərini tədris etmişdir.
Bir çox elmi layihələr, milli və beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edən Fəzail Vəli İmranoğlunun elmi rəhbərliyi altında 8 nəfər dissertant və 2 doktorantdan 7 nəfəri tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 17 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyasının müdafiəsində rəsmi opponent olub.
Fəzail Vəli İmranoğlu evli idi və iki övladı, dörd nəvəsi vardı.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbr diləyir!
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.