Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində “Gəncənin elm və incəsənət xadimləri” adlı monoqrafiya çapdan çıxıb.
Gəncə alimlərinin birgə əməyinin nəticəsi olan kitabın unikal xüsusiyyəti onun erkən orta əsrlərdən başlayaraq müasir dövrümüzədək Azərbaycan milli ruhunun ən güclü təzahürü baxımından əlamətdar şəhərlərimizdən olan Gəncədə yaşayıb-yaratmış, eləcə də sözügedən məkanla bu və ya digər dərəcədə bağlılıqları olmuş yüzlərlə görkəmli şəxsin - elm, mühəndislik, ixtira, eləcə də fikir, ədəbiyyat və sənət adamlarına aid bioqrafik və yaradıcılıq məlumatların toplusu halında ərsəyə gətirilməsindədir.
Bu ensiklopedik xarakterli nəşr AMEA-nın 80 illik yubileyinin keçirilməsi haqqında ölkə rəhbərinin Sərəncamının işığında Gəncə Bölməsinin bir töhfəsi kimi, eləcə də Cənab Prezidentin çıxışlarında milli mənəvi dəyərlərimizin qorunması haqqında alimlərimizin qarşısında duran vəzifələrə dair səsləndirdiyi tezislərdən ruhlanaraq hazırlanmışdır.
“Gəncənin elm və incəsənət xadimləri” kitabı yaxın günlərdə ictimaiyyətimizə təqdim ediləcək.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.