Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2026 10:30
  • A-
  • A
  • A+

Ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri müzakirə olunub

Ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyini diqqətə çatdırıb.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevin “Novruz bayramı: ənənə və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Hikmət Quliyev qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemini özündə cəmləşdirən, onun milli və mədəni kimliyini, həyat fəlsəfəsini, mənəvi dünyasını, estetik zövqünü və inamlarını parlaq şəkildə əks etdirən Novruz bayramı xalqımızın tarixi-mədəni yaddaşında xüsusi yer tutan mühüm və çoxşaxəli mədəniyyət fenomenidir.

Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və tarixinə dərindən bələd olması, milli-mənəvi dəyərlərə verdiyi önəm istər sovet dövründə, istərsə də müstəqillik illərində bu dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm addımların atılmasına, o cümlədən Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına zəmin yaradıb. Müasir dövrdə də Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunduğunu deyən alim Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşa şəhərində, Cıdır düzündə Novruz tonqalı qalamasının milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinin ardıcıllığını ifadə edən rəmzi hadisə kimi qiymətləndirildiyini söyləyib.

“Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən institusional islahatlar və elmi fəaliyyətin yeni prioritet istiqamətlər üzrə təşkili Novruz bayramı fenomeninə həm milli maraqlar, həm də müasir elmi-metodoloji yanaşmalar kontekstində yenidən nəzər yetirilməsini zəruri edir. Bu baxımdan Novruzun tarixi, mifoloji, sosial-mədəni və ritual semantikasının çağdaş elmi metodologiyalar əsasında daha sistemli və konseptual şəkildə araşdırılması aktual elmi vəzifələrdən biri kimi çıxış edir”, - deyə Hikmət Quliyev vurğulayıb.

Məruzəçi diqqətə çatdırıb ki, Novruz bayramı mifoloji təsəvvürlər, kosmoqonik dünya modeli və sosial davranış formalarının sintezini özündə birləşdirən mürəkkəb mədəni sistem kimi elmi baxımdan hərtərəfli araşdırılmalıdır. Bayramın semantik strukturu yalnız təqvim hadisəsi kimi deyil, həm də kollektiv mədəni yaddaşın və sosial münasibətlərin formalaşmasında mühüm rol oynayan ritual-simvolik praktika kimi nəzərdən keçirilməlidir: “Müasir dövrdə qloballaşma prosesləri, rəqəmsal transformasiyalar və kommunikasiya texnologiyalarının sürətli inkişafı ənənəvi mərasim mədəniyyətinin yeni sosial kontekstlərdə təzahürünü aktuallaşdırır. Bu şəraitdə Novruz bayramı ilə bağlı adət və ənənələrin, mərasim davranışlarının və sosial ünsiyyət formalarının müasir transformasiya proseslərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə multidissiplinar yanaşma əsasında tədqiqatların aparılması, müvafiq elmi layihələrin və tədqiqat proqramlarının həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdən hesab edilməlidir”.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Sərxan Xavəri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Akademiya uzun illər milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq ideallarının əsas daşıyıcı qüvvələrindən biri olmuşdur və bu gün təqdim edilən məruzə müasir qloballaşma şəraitində Novruz bayramı ənənəsinin yeni nəsillərə çatdırılması məqsədini daşıyır.

Dünyanın yaradılışı ilə bağlı fikirlərini bölüşən akademik İsa Həbibbəyli Novruz bayramının bir çox ölkələrdə qeyd olunmasına baxmayaraq, ümumtürk mədəniyyətinə daha yaxın olduğunu söyləyib. Qeyd edib ki, məruzəçi tərəfindən təklif edilən orta əsrlər Azərbaycan ədəbiyyatında Novruz bayramının tədqiqi məsələsi olduqca vacib məsələdir.

Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Sonra iclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış yeni elektron resurs təqdim edilib.

Layihəni təqdim edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Səməd Vurğunun müəllifi olduğu və müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Aygün”, “Vaqif”, “Muğan”, “Mən tələsmirəm”, “İstiqbal təranələri”, “Deyin, gülün, övladlarım!” və s. kitabları, məqalələr toplusu, o cümlədən Səməd Vurğunun həyat və yaradıcılığı haqqında monoqrafiyalar, avtoreferatlardan ibarət 100-ə yaxın kitabla tanış ola bilərlər. Həmçinin tərcümələri, aforizmləri, şeirləri əsasında hazırlanmış audio səsləndirmələr də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim olunur.

Hüseyn Hüseynov qeyd edib ki, elektron bazada, o cümlədən sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb. “Fotoyaddaş” yarımbölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, haqqında çəkilmiş filmlər və digər sənədli materiallar bir arada sistemləşdirilib. Resursda, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, film və tamaşalar bölməsində isə “Aygün”, “Yeddi oğul istərəm” bədii filmləri, “Vaqif”, “Fərhad və Şirin” tamaşaları yer alır.

Texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, elektron resurs Mərkəzi Elmi Kitabxananın saytına inteqrasiya ediləcək və bütün oxucuların istifadəsinə veriləcək.

Daha sonra iclasda Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı müzakirə olunub. Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına AR Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və aidiyyəti qurumlarla birgə şairin 120 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. AMEA rəhbəri sözügedən sənəddən irəli gələrək Akademiyanın elmi müəssisə və təşkilatlarından təkliflərin toplandığını və ümumiləşdirilərək AR Mədəniyyət Nazirliyinə təqdim edildiyini bildirib. Diqqətə çatdırıb ki, AMEA-nın Tədbirlər planı müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında şairin irsinin tədqiq və təbliğini əhatə edən çoxsaylı nəşr və tədbirləri əhatə edir. 

Daha sonra Rəyasət Heyəti tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.

İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 27 fevral 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, Fəaliyyət Planında AMEA-nın da qarşısına bir sıra vəzifələr qoyulub.

Son illərdə dövlət başçısı tərəfindən ölkəmizdə süni intellektin və rəqəmsal texnologiyaların inkişafı istiqamətində ardıcıl sənədlərin qəbul edildiyini deyən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycanda süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyaların inkişafında alimlərimiz qarşısında da bir sıra vəzifələr qoyduğunu xatırladıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-da son illərdə bu yöndə bir çox mühüm addımlar atılıb. AMEA-nın Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradıldığını, daha sonra yaranmış yeni reallıq şəraitində şöbənin adının “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” olaraq dəyişdirildiyini, həmçinin elmi müəssisə və təşkilatlardakı “Elektron xidmətlər” şöbələrinin bazasında “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələrinin yaradıldığını bildirib.

Bundan əlavə, Milli Elmlər Akademiyasında sənəd dövriyyəsinin tam elektronlaşdırıldığını, eləcə də elektron kitabxana və elektron arxiv quruculuğu istiqamətində işlərin yüksək səviyyədə davam etdirildiyini, Akademiyanın ilkin rəqəmsal arxitekturasının formalaşdırıldığını vurğulayıb.

Akademik İsa Həbibbəyli AMEA-nın bu istiqamətdə öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiyini deyib, süni intellekt sahəsində kadr seçimi ilə bağlı bir sıra tapşırıqlarını verib.

Rəyasət Heyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

İclasda, həmçinin Azərbaycan Respublikasının Terminologiya Komissiyasının nəzdində Şəxs Adları Komissiyasının yeni tərkibi təsdiq edilib. Bundan əlavə, AMEA-da “Elm Günü”nün  keçirilməsi, AMEA Rəyasət Heyəti aparatının Elm irs  şöbəsinin tərkibində Rəqəmsal arxiv sektorunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin, həmin institutun ödənişli əsaslarla qiyabi doktorantı Gülarə Mürsəlovanın təhsilini ödənişsiz əsaslarla davam etdirməsi, Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Türkan Əsgərovanın Fransanın Ruan Normandiya Universitetinin Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin Dilçilik kafedrasının tabeliyindəki “Konteksdə dilin dinamikası” Elmi Tədqiqat Mərkəzinə 3 aylıq ezam edilməsi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Kompleks geofiziki tədqiqiatlarda süni intelektin tətbiqi şöbəsinin yaradılması və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadənin Polşa Respublikasına ezam edilməsi haqqında qərarlar qəbul olunub.

O cümlədən bir sıra kadr məsələlərinə də baxılıb. Tarix elmləri doktoru Tahirə Həsənzadənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri vəzifəsinə, filologiya elmləri doktoru İlham Tahirovun Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qaziyevanın Nəsimi adına Dilçilik İnstitutunun Eksperimental Fonetik Araşdırmalar Laboratoriyasının müdiri vəzifəsinə, tarix elmləri doktoru Nərgiz Quliyevanın AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Müasir dövr etnologiyası şöbəsinin müdiri vəzifəsinə, tarix elmləri doktoru Solmaz Məhərrəmovanın AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti tarixi şöbəsinin müdiri vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru İnci Qasımlının AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsinin müdiri vəzifəsinə və sosiologiya elmləri doktoru Səadət Məmmədovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında qərarlar verilib.

Bundan əlavə, akademik Vəli Axundovun 110, akademik Tofiq Hacıyevin 90 və AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyləri haqqında qərarlar qəbul edilib.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, tarix elmləri doktoru Zemfira Hacıyeva, professorlar Nadir Məmmədli, Sayalı Sadıqova və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın kollektivini qarşıdan gələn İlaxır çərşənbə, Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib,  elmi fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: