Dayanıqlı şəhərlər, ekoloji tikinti, yaşıl enerji, şəhər mühitində mədəni irsin qorunması və insanyönümlü yaşayış mühitinin yaradılması kimi əsas mövzulara həsr olunacaq BMT-nin Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı ETN Geologiya İnstitutunda (Gİ) “dəyirmi masa” təşkil olunub.
Tədbirə Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Emin Quliyev sədrlik edib.
“Dəyirmi masa”da institutun gənc alim və mütəxəssisləri ilə yanaşı, Bakı Dövlət Universitetinin geoloq tələbələri də iştirak ediblər. Gİ Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov iştirakçılar qarşısında “Təbii geoloji amillərin şəhərsalma proseslərinə təsiri: Bakının palçıq vulkanlarının nümunəsində” mövzusunda təqdimat reallaşdırıb.
Məruzəçi Bakı və Abşeron yarımadasında geniş yayılan bəzi palçıq vulkanlarının təsir zonalarında müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsindən söz açıb. Güclü alovlanma, böyük həcmdə vulkan palçığının yer səthinə atılması və kilometrlərlə uzanan çatların əmələ gəlməsi kimi proseslərlə müşayiət olunan vulkan püskürmələrinin Azərbaycanda tələfat və dağıntılara səbəb olduğu tarix xatırlanaraq təhlükəsiz şəhər mühitinin təşkilində bu amillərin nəzərə alınmasının vacibliyi qeyd edilib. Unikal geoloji obyektlərə antropogen təsirlərin məhdudlaşdırılması üçün Azərbaycan Prezidentinin 2007-ci il Sərəncamı ilə yaradılmış Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun müstəsna rolu diqqətə çatdırılıb. Eyni zamanda, sessiyanın ekoloji hədəfləri müstəvisində palçıq vulkanlarından ayrılan qaz emissiyalarının qlobal metan büdcəsinə təsiri təhlil edilib və təbiətlə harmoniyada olan təhlükəsiz yaşayış mühitinin inkişafı üçün təkliflər səsləndirilib.
O.Abbasov sonda iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.