Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarixlə ayrılıq
16.03.2026 14:15
  • A-
  • A
  • A+

Tarixlə ayrılıq

Bütün ayrılıqlarda xiffət, həsrət var. İllah da bu ayrılığın müvəqqəti deyil, həmişəlik olduğunu biləsən.

Onunla əbədi ayrılıq ağrıdan, yandırandır.

İlbər Ortaylı günümüzün böyük tarixçi alimi idi. Ancaq ona qiymət verirkən bu dəyərləndirmə sönükdür. O özü canlı bir tarix idi.

Varlığıyla gəzəri tarix olandan biryolluq ayrılmanın acısı ikiqat artıqdır.

O, peşəkar tarixçi idi, dərin biliklər sahibi idi, zəngin düşüncəsində Şərqlə Qərbi birləşdirən mükəmməl alim idi, əlbəttə ki, əsl alim olduğundan ondan ötrü ən vacibi hadisələr, dəlillər, tarixin gerçəkləri idi. Lakin İlbər bəy həm də təəssübkeş, millətsevər, türk qeyrəti çəkən tarixçi idi.

Və bu keyfiyyətlər heç də o anlama gəlməsin ki, türklüyün candan aşiqi olduğundan tarixi yazarkən nəyisə öz xeyrimizə dəyişirdi, daha qabarıq göstərirdi.

Əsla!

O, sadəcə bir çoxlarının göz yumduğu, üstündən sükutla keçdiyi, türkün böyüklüyünə dəlalət edən məqamları görürdü və bildiklərini də çox aydın və sevilən tərzdə ifadə edirdi, bununla da ən əvvəl türklərin özlərində keçmişlərinə rəğbəti, məhəbbəti və qüruru artırırdı.

Azərbaycana eşqi də, Azərbaycan türkcəsinə məxsusi vurğunluğu da dərin idi və bu sevgi onda ilk gəncliyindən, hətta yeniyetməliyindən yaranmışdı.

Azərbaycan dilinə içəridən gələn məhəbbətinin səbəbini də dəmir məntiqlə izah edirdi.

Söyləyirdi ki, azərbaycanca türkcənin gəncliyidir, insansa gəncliyini sevər.

...İlbər bəylə çox görüşlərimiz olmuşdu – xarici ölkələrdə də, Türkiyədə də, Azərbaycanda da: müxtəlif tədbirlərdə, mərasimlərdə, sumpoziumlarda.

Onunla hər görüş, hər söhbət cazibəli idi.

Bunu əlavə dəfə yada salmağıma heç lüzum da yoxdur. Hamınız görmüsünüz, şahidsiniz – televiziyalarda ara-sıra müsahibələri gedirdi. 1-2 dəqiqə danışdığı da olurdu, bundan bir az çox söhbət etdiyi də, bütöv veriliş boyu düşüncə bölüşməsi də. 1 dəqiqəsi də, 1 saatı da öz parlaqlığı, gur işığı, mehri ilə elə doldururdu ki, sözünün, söbətinin havasından nə doyurdun, nə qırağa çıxa bilirdin.

...1990-cı illərin ortaları idi, Türkiyədə Hacı Bektaş simpoziumu keçirilirdi, bir axşam İlbər Ortaylı, unudulmaz Oqtay Əfəndiyev, bir mən çay süfrəsi arxasında söhbət edirdik, danışdıqlarımızın hamısını lentə alırdım, İlbər bəy arada zarafatla qayıtdı ki, niyə bunların hamısını yazırsan, kassetlərini heyif edirsən, axı bu danışdıqlarımızda qeyri-adi heç nə yoxdur, məlum tarixlərdən bəhs edirik.

Mən də dilləndim ki, İlbər bəy, əvvələn danışdıqlarınızın hamısı maraqlıdır, hamısında hansısa tarix hadisələrinə aydınlıq gətirmək var, dürüst mövqe var, ancaq ən mühümü budur ki, siz də, Oqtay bəy özünüz qeyri-adisiniz.

Qeyri-adilərimizi itirmək hər zaman üzən, ruhu incidəndir.

...Bu fotolar ki, baxacaqsınız, o nadir alim və insanla görüşlərimizdən birindəndir. 2018-ci ilin oktyabrı idi. Bu görüş haqda bir neçə ay öncədən razılaşmışdıq.

İri bir çəkiliş qrupu ilə gəlmişdi. Nizami muzeyinin zallarından keçirdik və ədəbiyyatda əks olunmuş tariximizdən, klassik şeirin həm də müəyyən mənada tarixi salnamələr olması barədə Türkjiyədə silsilə kimi gedəcək verilişlər üçün söhbətlərimizi yazırdıq.

O fotolardan birində İlbər bəyi yola salıram, qucaqlaşırıq. Yenidən görüşmək ümidi ilə ayrılırıq.

Daha heç vaxt onunla ayrılırkən belə qucaqlaşa, daha heç vaxt növbəti görüş arzusyla vidalaşa bilməyəcəyəm...

Akademik Rafael Hüseynov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: