Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2026 11:18
  • A-
  • A
  • A+

Xalq təfəkküründə torpağın müqəddəsliyi: andlar, alqışlar və atalar sözləri

Xalq təfəkküründə torpağın müqəddəsliyi: andlar, alqışlar və atalar sözləri

İlaxır çərşənbələrin dördüncüsünü, yəni sonuncusunu Torpaq çərşənbəsi kimi qəbul edən mərhum folklorşünas Azad Nəbiyev bunu ritual sistemi ilə əlaqələndirir, ritual sistemində teoloji düzümdəki sıra ardıcıllığında yer və yel çərşənbələrinin yerlərini dəyişməsini və bu zaman “yelin torpaqdan əvvələ keçdiyini” göstərirdi. Alim bunu yeni əmək mövsümünün başlanması ilə yeni məhsulun - bərəkətin əldə edilməsi üçün münbit zəmin olan torpaq amili ilə əlaqələndirirdi. Bunu belə başa düşmək olar ki, sonuncu çərşənbə məhsuldarlıq fəsli olan yazın gəlişinə zəmin yaradırsa, məhsulu yetişdirən də torpaqdır. Bütün bolluq, bar, bərəkət torpağın üstündə bərqərar olur. Bu səbəbdən də professor A.Nəbiyev sonuncu çərşənbənin torpaq ünsürü ilə bağlanmasını ritual düşüncə ilə əlaqələndirir.

Bu fikirləri AzərTac-a müsahibəsində filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. O bildirib ki, xalqımızın düşüncəsində torpaq həmişə müqəddəs tutulub: “Xalqımız müxtəlif folklor janrlarında torpaqla bağlı müqəddəs görüşlərini ifadə edib. Atalar sözləri qismində ta qədimdən dövrümüzədək gəlib çatan sonsuz sayda deyimlərimiz bunun sübutudur. “Torpaqdan pay olmaz”, “Torpağa əyilən namərdə əyilməz”, “Torpaq qızılquşdur, əldən buraxdın – uçar gedər”, “Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar”, “Torpaq əkinçinin zəhməti ilə zinətlənər”, “Torpağa var versən, o da sənə bar verər” “Torpağa göz ağardanda üz ağardar” və s. Bu nümunələrdə həm sözün həqiqi mənasında real hökmlər şəklində fikirlər ifadəsini tapıb, həm də torpaq canlı bir ruh olaraq təqdim edilib. “Torpağa əyilsən, namərdə əyilməzsən”, yaxud “torpaqla əlləşən xoşbəxtliklə rastlaşar” kimi deyimlərdə insanların torpaqla ülfət bağlamaları, zəhmətə qatlaşıb torpağı əkib-becərmələri sayəsində namərdə möhtac olmamaqları, səadətə yetəcəkləri və s. kimi nəcib fikirlər aşılanır”.

Onun sözlərinə görə, torpaqla bağlı andlar, alqışlar (həmçinin qarğışlar) xalqımızın torpağa müqəddəs baxışlarını ifadə edir: “Torpaq haqqı! Yer haqqı! Torpağı sanı yaşayasan! Torpağın həmişə gül bitirsin! Torpağın yada qismət olmasın! Torpağından qara yellər əsməsin! Torpağın həmişə bar yetirsin! Torpağı bərəkətli olsun! Torpağına göz dikənin gözü tökülsün! Torpağını göz bəbəyi kimi qoru!

Məlumdur ki, insanlar müqəddəs bildiyi şeylərə and içərlər. Yuxarıda qeyd olunan and və alqış nümunələri də torpaqla bağlı ülvi və müqəddəs baxışları əks etdirir. Torpaqla bağlı söylənən qarğış nümunələri həmin müqəddəs torpaq ünsürünə həsrət qalmaq və s. kimi bəd duaları özündə əks etdirir: “Torpağını torba ilə daşısınlar”, “Torpağında ağac bitməsin”, “Torpağında ancaq qanqal bitsin”, “Səni torpağa tapşırmışam”, “Torpaq üzünə həsrət qalasan”, “Səni qara torpağa basdırım” və digər nümunələrdə torpağın yaradıcı - məhsuldarlıq gücündən məhrum olmaq kimi nəhs duyğular ifadə edilib”.

Müsahibimiz bildirib ki, ilaxır çərşənbələrdə, eləcə də Novruz bayramında Kosaya, Qoduya müraciətlə söylənən nəğmələr də maraq doğurur. Yarızarafat, yarıciddi planda oxunan bu nəğmələrdə xalqın öz bayramını şən-şux əhvali-ruhiyyə ilə keçirmək istəyi göz önündədir. Əlbəttə, bu tipli nəğmələri (eləcə də tamaşaları) bayram ritualından kənarda keçirmək, icra etmək hardasa məntiqsiz görünər. Bunlar çərşənbə rituallarının tərkib hissəsi olmaqla ümumxalq sevincinin ifadəsidir və özlüyündə müəyyən xarakterik cəhətləri simvollaşdırır. Bayram isə elə nəhəng mədəni hadisədir ki, bütün xalq kütləsi özünü həmin şənliyin içində görə bilir.

  • Paylaş: