Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Vüqar Əhmədin yeni monoqrafiyası Azərbaycan milli-ədəbi mühitinin zəngin tarixini işıqlandırır
08.05.2026 20:10
  • A-
  • A
  • A+

Professor Vüqar Əhmədin yeni monoqrafiyası Azərbaycan milli-ədəbi mühitinin zəngin tarixini işıqlandırır

Ədəbiyyatşünüs alim, AMEA-nın Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin tədqiqat obyekti olduqca geniş, çoxşaxəlidir. Cənubi Azərbaycan ədəbiyyatının araşdırıcısı, publisistik irsimizin təhlilçisi, nəzəriyyəçi alim kimi tanıdığımız Vüqar müəllim ədəbiyyat tariximizin tədqiqatçısı kimi də qələmini sınayıb, “Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit” (XIX əsr-XX əsrin əvvəlləri) kimi maraqlı monoqrafiya ərsəyə gətirib.

Professor Vüqar Əhmədin yeni monoqrafiyası ədəbiyyatşünaslığımızın daha az tədqiq olunmuş dövrünün milli-ədəbi mühitinin təhlilinə həsr edilib. Müəllif yeni monoqrafiyasında XIX əsr və XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinin təşəkkülü, formalaşması və inkişaf tarixini ilk dəfə bütövlükdə- tam halında tədqiqata cəlb edərək ətraflı təhlil edir, ayrı-ayrı regionlar üzrə təşkil olunmuş ədəbi məclislər, bu məslislərdə yetişən şair və qəzəlxanların yaradıcılığı barədə oxucuları məlumatlandırır.

Monoqrafiyada Qərbi Azərbaycan, Cənubi Azərbaycan, Kərkük, Naxçıvan, Qazax-Borçalı, Bakı, Şəki, Quba, Gəncə, Lənkəran, Şamaxı,Qarabağ, Dərbənd və s. bölgələrin ədəbi mühiti müqayisəli şəkildə, tarixi faktlara və həmin dövrdə yaradılmış ədəbi nümunələrə əsasən araşdırılıb. Monoqrafiya filoloq alimlər, bu sahə üzrə ixtisaslaşan tələbə, magistrant və doktorantlar, ədəbiyyat həvəskarları üçün nəzərdə tutulub. Geniş oxucu dairəsi də monoqrafiyadan maraqlı məlumatlar əldə edə bilər.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, ön sözün müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə, rəyçilər filologiya elmləri doktorları Gülbəniz Babayeva və Səbinə Əhmədovadır.

Kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.

Professor Vüqar Əhmədi ürəkdən təbrik edir, daba böyük yaradıcılıq uğurları arzulayırıq!

yenifikir.media

  • Paylaş: