AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərli görkəmli Azərbaycan şairi Rəsul Rzanın ev-muzeyində aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Sözün və sazın izində; Aşıq Şəmşir-133” adlı tədbirdə çıxış edib.
Professor İradə Köçərli Aşıq Şəmşirin yaradıcılığı haqqında söhbət açıb onun əsl ustad sənətkar olduğunu – klassik aşıq sənəti ilə çağdaş aşıq sənəti arasında körpü yaradan aşıq kimi dəyərləndirlidiyini söyləyib. O, Aşıq Şəmşirin sərraf söz ustası olmasını – müdrik nəsihətnamə, ustadnamələri və s., eyni zamanda, lirik, sevgi dolu, romantik ruhlu şerilərini; gözəl səsə, geniş nəfəsə - bəzən həzin, titrək, bəzən də gur, güclü səsini; virtuoz saz ifaçısı – sazın bütün pərdələrində gəzişə bilən iti barmaqlarını, güclü biləyə malik olmasını, mahir ifaçılığını, dastan “açdığını”, ustadlıq edərək şəyirdlər (şagirdlər) yetirdiyini – elə buna görə də, “Dədə Şəmşir” adı ilə çağrıldığını vurğulayıb. Məruzəçi Osman Sarıvəllinin sözlərini – “şair ürəkli aşıq, aşıq ürəkli şair” – yada salaraq onun “şair ” titulunu da qazandığını söyləyib.
Alimin sözlərinə görə Dədə Şəmşir aşıqşünas-alim Ə.Eldarovanın təşəbbüsü ilə 73 klassik aşıq havasını lentə yazdırmışdır və bununla da, Azərbaycan xalqına böyük bir xəzinə, sərvət qoyub. Professor İradə Köçərli Aşıq Şəmşirin dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr etdiyi şeiri də yada salıb. Bu şeir xalq arasında geniş yayılıb və müxtəlif variantlarda yaddaşlara həkk olunub:
Üzeyir adına şagirdəm ancaq,
Sənət dünyasından dərs alan mənəm.
Sazın-sözün qədrini bilən ustada,
Könüldən, hörmətlə baş əyən mənəm.
Və ya
Üzeyir adına şagirdəm ancaq,
Sənət meydanında ustadım sənsən.
Səsinlə dünyaya şöhrət salmısan,
Musiqi mülkünün şahı da sənsən.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.