AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Raqub Kərimovun və həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayevanın mətnini transfoneliterasiya edərək nəşrə hazırladıqları “Nizami Gəncəvinin “Məxzənül-əsrar” əsərinin nəsr və nəzmlə tərcüməsi (Tərcüməçi: İbrahim Tahir Musayev)” kitabı işıq üzü görüb.
Kitabda yer alan geniş ön sözün müəllifləri R.Kərimov və T.Seyfullayevadır.
Təqdim olunan kitabda XIX əsr Qarabağ ədəbi mühitinin görkəmli şairlərindən biri, Şərq ədəbiyyatının Ömər Xəyyam, Əfzələddin Xaqani kimi klassiklərinin əsərlərini tərcümə etməklə məhsuldar tərcüməçi kimi fəaliyyət göstərən İbrahim Tahir Musayevin (1869-1943) 1939-cu ildə nəsr və nəzmlə tərcümə edərək əski əlifbada yazdığı dahi şair Nizami Gəncəvinin “Məxzənül-əsrar” əsərinin transfoneliterasiya və təshih edilmiş mətni verilmişdir. Kitabın sonunda əsərdə işlənən ərəb-fars dilində sözlərin lüğəti təqdim edilmişdir. Kitab filoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, yeni nəşrin redaktoru fil.ü.f.d., dosent Əli Əliyev, rəyçiləri fil.ü.f.d. Rəna İsgəndərli və böyük elmi işçi Rauf Şeyxzamanlıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.