Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türk xalqlarının kollektiv mədəni yaddaş resurslarının öyrənilməsi üçün yeni perspektivlər yaranır
17.03.2026 15:11
  • A-
  • A
  • A+

Türk xalqlarının kollektiv mədəni yaddaş resurslarının öyrənilməsi üçün yeni perspektivlər yaranır

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur” fikri, əslində, Türk dünyasını birləşdirən dəyərlərdən strateji hədəflərə doğru yönələn mühüm çağırışdır. Bu çağırış bütün sahələrdə olduğu kimi, elmi əməkdaşlıq istiqamətində əlaqələrin genişləndirilməsini zəruri edir.

Bu fikri AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfransdakı çıxışı zamanı söyləyib.

Alim vurğulayıb ki, bu il 100 illiyini qeyd etdiyimiz Türkoloji Qurultay türkoloji düşüncənin sistemli şəkildə bir araya gətirilməsinin mühüm mərhələsi olub. Lakin sovet hakimiyyətinin həyata keçirdiyi repressiv siyasət və ideoloji təzyiqlər türkologiyanın geniş inkişafına ciddi maneələr yaradıb, bu sahə əsasən dilçilik tədqiqatları ilə məhdudlaşdırılıb.

Direktor qeyd edib ki, müasir dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan əməkdaşlıq modeli türkoloji tədqiqatların yeni təməllər üzərində inkişafına geniş imkanlar açır. Bu kontekstdə türkoloji folklorşünaslıq türk xalqları folklorunun yeni nəzəri-metodoloji baza əsasında araşdırılmasını zəruri edir. Bu isə öz növbəsində türk xalqlarının eposlarının, ümumilikdə kollektiv mədəni yaddaş resurslarının birgə şəkildə öyrənilməsi, ortaq sahə tədqiqatlarının aparılması üçün yeni perspektivlər yaradır.

AzərTac

  • Paylaş: