Minilliklərin izlərini özündə yaşadan Naxçıvan torpağı Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri hesab olunur. Bu diyarın zəngin tarixinin və qədim yaşayış məskənlərinin öyrənilməsi arxeoloji tədqiqatlar vasitəsilə mümkün olur.
Naxçıvanın qədim dövr tarixinin araşdırılmasına mühüm töhfələr verən alimlərdən biri də AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyevadır. Dosent Zeynəb Quliyeva, 18 may 1970-ci ildə Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdur. 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsini tarix ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurduqdan sonra ilk əmək fəaliyyətinə müəllim olaraq başlamışdır. Dəmirçi kəndində, Şərur şəhər 2 nömrəli məktəbdə, Naxçıvan şəhər 3 nömrəli məktəbdə şagirdlərinə aşıladığı tarixinə, milli dəyərlərinə bağlılıq və humanistlik kimi yüksək dəyərlərin təbliğini daha sonra müxtəlif ali təhsil müəssisələrində dərs dediyi tələbələri üçün də eyni əzmkarlıqla davam etdirərək, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə öz töhfəsini vermişdir. Pedaqoji fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olaraq 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “İlin ən yaxşı müəllimi” diplomuna layiq görülmüş, Azərbaycan müəllimlərinin XII və XIII qurultaylarına nümayəndə seçilmişdir. 2007-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Elmi fəaliyyətinə 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin dissertantı olaraq başlamış və Naxçıvanın qədim tarixinin araşdırılması istiqamətində geniş tədqiqatlar aparmışdır. Zeynəb Quliyevanın elmi maraq dairəsi əsasən Naxçıvan diyarının qədim dövr arxeologiyasını əhatə edir. Onun araşdırmalarında xüsusilə Neolit, Eneolit və Tunc dövrü mədəniyyətlərinin öyrənilməsi mühüm yer tutur. Onun “Arpaçay vadisinin Tunc dövrü abidələri” adlı ilk tədqiqat işində Naxçıvanın Arpaçay vadisində yerləşən arxeoloji abidələr ilk dəfə olaraq kompleks halda dövrləşdirilərək elmi tədqiqata cəlb edilmişdir. Kür-Araz mədəniyyətinin 4 mərhələsinin təhlili verilərək, bu mədəniyyətin tarixi və mənşəyinin araşdırılmasında Arpaçay abidələrinin yeri müəyyənləşdirilmiş, həmçinin Təzəkənd mədəniyyətinin məhz Arpaçay vadisindən digər regionlara yayılması fikri elmi faktlarla əsaslandırılmış, həmçinin Tunc və Dəmir dövrlərinə aid muzeylərdə saxlanılan çap edilməmiş arxeoloji materiallar elmi dövriyyəyə buraxılmışdır. Qeyd edilən elmi nəticələrin əks olunduğu dissertasiya işini 2012-ci ildə uğurla müdafiə etdikdən sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Göstərilən etimad onun sonrakı tədqiqatları üçün stimul olmuş, yeni və daha dərin tədqiqatlara imkan yaratmışdır.
Zeynəb Quliyevanın tədqiqatlarının mühüm hissəsi tarixəqədərki mədəniyyətlərin sübh çağı sayılan neolit və eneolit dövrü ilə bağlıdır. Bu sahədə uzun illər apardığı gərgin arxeoloji tədqiqatların nəticəsi “Azərbaycanın Naxçıvan diyarının neolit və eneolit mədəniyyəti” adlı sanballı tədqiqat işinin ərsəyə gəlməsində öz bəhrəsini vermişdir. 2025-ci ildə işıq üzü görən bu monoqrafiya Azərbaycan arxeologiyasına qiymətli töhfədir. Əsər həm Azərbaycan arxeologiyası, həm də ümumilikdə Yaxın Şərq və Cənubi Qafqazın qədim mədəniyyətləri arasında əlaqənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır və heç də təsadüfi deyil ki görkəmli alimlər tərəfindən yazılan rəylərdə sanballı tədqiqat işi olaraq qiymətləndirilmişdir.
Alimin elmi fəaliyyəti zənginliyi ilə də diqqət çəkir. Onun beynəlxalq simpoziumlarda və respublika əhəmiyyətli konfranslarda məruzələri, eləcə də tanınmış “Web of Science” və ya “Scopus” beynəlxalq bazalarına daxil olan jurnallarda dərc olunan məqalələri də daxil olmaqla 139 elmi məqaləsi, 4 monoqrafiyası, 70-dən çox ictimai-siyasi yazısı və 1 kitabçası çap olunmuşdur. Eyni zamanda 5 kitab və bir kitabçanın həmmüəllifidir. Qeyd etmək lazımdır ki, Zeynəb Quliyeva qazandığı nailiyyətlərdə müəllimlərinin zəhmətini heç vaxt unutmamış, onlardan dünyasını dəyişənləri hər zaman minnətdarlıqla yad etmiş, həyatda olanlara isə ehtiram göstərmişdir.
Onun elmi fəaliyyəti, çətin peşə sahələrindən sayılan arxeologiya elmində də gender məsələsinin uğurlu həllinə yol açmış və arxeoloji qazıntılarda iştirak etmək istəyən, bu sahəni seçən gənc xanım tədqiqatçılar üçün ilham mənbəyi olmuşdur. Alim Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində aparılan arxeoloji ekspedisiyalarda fəal iştirak etmişdir. I Kültəpə, Ərəbyengicə, Yeni yol, Duzdağ, Naxçıvantəpə və digər abidələrdə aparılan arxeoloji qazıntılarda iştirakı nəticəsində bölgənin qədim tarixinin öyrənilməsinə mühüm töhfələr verilmişdir. 2024-cü ildə Şərur rayonunda fəaliyyət göstərən “Xələc arxeoloji ekspedisiyası”na rəhbərlik etməsi də onun bu sahədə qazandığı təcrübənin göstəricisidir.
Alimin tədqiqatlarının nəticələri beynəlxalq elmi mühitdə də maraqla qarşılanır. Konya, Sankt-Peterburq, Mersin, Bakı, Tehran, Almata, Şanlıurfa, İstanbul və digər şəhərlərdə keçirilmiş beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanın qədim dövr arxeologiyası ilə bağlı tədqiqatlarının nəticələri haqqında məruzələri elmi ictimaiyyət tərəfindən maraqla qaşılanmışdır. Ümumilikdə, 35 beynəlxalq konfransın materiallarında Naxçıvanın qədim dövr mədəniyyətləri ilə bağlı elmi məqalələri nəşr olunmuşdur. 2022-ci ildə o, ABŞ-da fəaliyyət göstərən Beynəlxalq Arxeologiya Jurnalının (International Journal of Archaeology) redaksiya heyətinə üzv seçilmişdir ki, bu da alimin beynəlxalq elmi mühitdə tanınmasının göstəricilərindən biridir. Onun gərgin elmi fəaliyyəti diqqətdən kənarda qalmamış, müxtəlif mükafatlarla təltif edilmişdir. Səmərəli elmi fəaliyyətinə görə Zeynəb Quliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 22.02.2024-cü il və 07.03.2025-ci il tarixli qərarlarına əsasən təşəkkürnamələrlə təltif edilmişdir. AMEA Naxçıvan Bölməsi tərəfindən “İlin alimi” diplomuna layiq görülməsi onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricilərindən biridir.
Zeynəb Quliyevanın elmi və pedaqoji sahələrdə olduğu kimi ictimai-siyasi fəaliyyəti ilə də hörmət qazanmışdır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. İşlərinə məsuliyyətlə yanaşmasının nəticəsidir ki, 2019-2022-ci illərdə və 2023-2025-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən ED 1.13 Dissertasiya Şurasının üzvü olaraq fəaliyyət göstərmiş, 2026-cı ildən isə həmin Şuranın elmi katibi olaraq ictimai fəaliyyətini davam etdirir. 2024-cü ildə keçirilən seçkilərdə 2 saylı Dəmirçi seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. Eyni zamanda Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının AMEA Naxçıvan Bölməsi üzrə ərazi təşkilatına rəhbərlik edir. Bütün bunlar onun fəaliyyətinə göstərilən yüksək inam və etimadın göstəricisidir.
Beləliklə, tarix elmləri doktoru, dosent Zeynəb Quliyevanın çoxillik elmi, pedaqoji və ictimai fəaliyyəti Azərbaycanın qədim tarixinin araşdırılması sahəsində mühüm xidmət kimi dəyərləndirilə bilər. Onun apardığı arxeoloji tədqiqatlar Naxçıvanın minilliklərə söykənən tarixinin öyrənilməsinə, bölgənin zəngin mədəni irsinin qorunmasına, elmi əsaslarla tanıdılmasına, gələcək nəsillərə çatdırılmasına həmçinin əcdadlarımızın yaratdıqları zəngin mədəni irsin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfə verir.
Cəfərli Məhsəti, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.