Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
20.03.2026 09:00
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Sizi müsəlman aləminin müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan tutduğunuz orucun, dua və ibadətlərinizin qəbul olunmasını diləyirəm.

İnsanları mənəvi kamilliyə, xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyən mübarək Ramazan ayı daşıdığı ali dini dəyərlərlə bütün dövrlərdə cəmiyyətimizdə həmrəylik və humanizmin möhkəmlənməsinə özünün töhfəsini vermişdir.

Ramazan bayramı əsrlər boyu ölkəmizdə xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə yüksək ehtiramla qeyd olunur, bu müqəddəs günlərdə insanlar bir-birinə yardım etməyə tələsir, qarşılıqlı tolerantlıq və hörmət nümayiş etdirir, müqəddəs ayın mahiyyətindən irəli gələrək mənəvi paklıq göstərirlər.

Ölkəmizdə daim dövlət səviyyəsində dini dəyərlərimizə xüsusi diqqət və qayğı göstərilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mənəvi dəyərlərimiz qorunur və inkişaf etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi və təşəbbüsləri ilə həm ölkəmizdə, həm də dünya miqyasında humanizm və xeyriyyəçilik tədbirləri həyata keçirilir, milli-mədəni irsimizin təbliği istiqamətində mühüm layihələr reallaşdırılır.

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində əzmlə fəaliyyət göstərirlər.

Hörmətli əməkdaşlar!

Bir daha bu bayram əhval-ruhiyyəli günlərdə sizlərə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Uca Allah tutulan orucları, edilən duaları qəbul etsin!

Hörmətlə

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: