Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.04.2026 17:00
  • A-
  • A
  • A+

AMEA əməkdaşlarının Nizami Gəncəvi haqqında müsahibə və məqalələri Kanadada nəşr olunub

AMEA əməkdaşlarının Nizami Gəncəvi haqqında müsahibə və məqalələri Kanadada nəşr olunub

Kanadada nəşr olunan “Azerbaijan Post” aylıq qəzetinin mart sayında Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı 2026-cı ilin 12-14 mart tarixlərində Bakıda keçirilmiş XIII Qlobal Bakı Forumuna dair  analitk yazıya, dahi Azərbaycan şairi və mütəəfəkkiri Nizami Gəncəvinin Gəncədə keçiriləcək 885 illiik yubileyi ilə bağlı genş müsahibəyə, o cümlədən dahi şairin  həyat və yaradıcılığına aid böyük elmi məqaləyə yer verilib.

Qəzetdə AMEA Gəncə Bölməsinin Elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov konfransla bağlı “Azerbaijan Post”un müxbirinin suallarını cavablandırraraq qeyd edib ki, 2026-cı ilin iyul ayında  Gəncə şəhərində keçiriləcək  “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” adlı II Beynəlxalq konfrans AMEA Gəncə Bölməsi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil ediləcəkdir.

Ə.Muxtarov Azərbaycanda  Nizmişünaslığın, Nizami Gəncəvinin yubileylərinin tarixi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan Nizamişünaslığı qədim tarxə malik olmaqla yanaşı, böyük inkişaf yolu keçmişdir:

“Tarixin bütün dövrlərində Azərbaycan xalqı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını, yaradıcılığını və xatirəsini uca tutmuş, hələ yubiley anlayışının formalaşmadığı dövrlərdə ona həsr olunan əsərlərilə, türbəsinin, məqbərəsinin ziyarəti ilə ehtiramlarını ifadə etmişlər. Nizami Gəncəvinin ilk yubileyi 1941-ci ildə blokada şəraitində Leninqradda keçirilmişdir ki, bu tədbirə böyük  hazırlanmasında Azərbaycan ziyalılarının mühüm rolu olmuşdur.

Azərbaycanda Nizami irsinin sistemli tədqiqi, fundamental nəşrlərin hazırlanması və yubileylərin yüksək səviyyədə qeyd olunması Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1975, 1978 və 1979-cu illərdə imzaladığı qərarlar, eləcə də 1981-ci ildə  dahi şairin 840 illik yubileyinin keçirilməsi barədəki qərarı nizamişünaslıqda yeni mərhələnin əsasını qoymuşdur.

Bu strateji yanaşma bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövrün yeni reallıqları əhatəsində daha da inkişaf etdirilərək uğurla davam etdirilir. Prezidentin təşəbbüsü ilə Nizami Gəncəvinin məqbərəsi əsaslı şəkildə bərpa edilmiş, ətrafında geniş abadlıq işləri aparılmış, beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımlar atılmışdır.  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamları ilə 2011-ci ildə  dahi şairin 870 illik yubileyi qeyd olunmuş və 2021-ci il Azərbaycanda  “Nizami Gəncəvi İli” elan edilmişdir.

Bu siyasətin davamı olaraq Azərbaycan Prezidentinin himayəsi altında  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən  Qlobal Bakı Forumlarının keçirilməsi, beynəlxalq əməkdaşlıq və elmi tədqiqatlar genişləndirlməsi  bu sahədə mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun preidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə müxtəlif ölkələrdə dahi şairin abidələrinin ucaldılması, əsərlərinin, miniatürlərinin dünya dillərinə tərcümə edilməsi, Gəncədə Nizami Gəncəvi Muzeyi inşa edilərək, dahi mütəfəkkirin dünya kitabxanalrında, muzeylərində olan əlyazmalarının vətənə gətirilməsi və akademik Nərgiz xanım Paşayevanın dəstəyi ilə Oksford Universitetində Nizami adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq  Mərkəzinin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin dahi şairin həyat və yaradıcılığı ilə bağlı ölkəmizdə və ölkəmizdən kənarda monoqrafiyaların, məqalələrin nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi müasir Azərbaycan Nizamişünaslığının mühüm nailiyyətlərindəndir”.

Əlimuxtar Muxtarov qeyd edib ki,  konfrans  Nizami Gəncəvi və Türk dünyası, dahi şairin yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatı, dünya ədəbiyyatı ilə əlaqələri, din və irfan, incəsənət, bəşərilik və birgəyaşayış kimi mövzuları, həmçinin müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri kimi mövzuları əhatə edəcək. Bildirilib ki, konfrans geniş beynəlxalq iştirakla baş tutacaq.

Müsahibədə görülən işlərin tərkib hissəsi olaraq Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyədəki Universitet tələbələri arasında “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqənin elan olunduğu, layihəyə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi və Yunus Əmrə İnstitutu tərəfindən dəstək verildiyi qeyd olunub.

Qəzetin bu sayında həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin dosenti Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin nəsil şəcərəsi” adlı böyük elmi  məqaləsi də nəşr olunmuşdur. Müəllif məqalədə  dahi  şairin Azərbaycan mənşəli olduğunu tarixi faktlarla əsaslandırır. Müəllif qeyd edir ki, Nizaminin həyatı və yaradıcılığı Gəncə şəhəri ilə bağlıdır, bu şəhər orta əsrlərdə Azərbaycan türklərinin mühüm mədəni mərkəzlərindən biri olub. Məqalədə şairin nəsil köklərinin türk boyları ilə əlaqəli olduğu bildirilir, əsərlərində əks olunan adət-ənənələrin Azərbaycan türk-müsəlman mühitini əks etdirdiyi vurğulanır. Eyni zamanda əsərlərindəki coğrafi və etnoqrafik təsvirlərin Azərbaycan mühitinə uyğun gəldiyi qeyd olunur və bu faktların Nizaminin Azərbaycan ədəbi-mədəni mühitinə bağlılığını təsdiqlədiyi göstərilir.

Azərbaycan, türk, ingilis və fars dillərində nəş olunan “Azerbaijan Post” Kanadada nəşr olunan diaspor mətbuat orqanıdır. ISSN beynəlxalq qeydiyyat nömrəsi olmaqla yanaşı, Kanadanın Library and Archives Canada sistemində də qeydiyyatdadır və Crossref üzvüdür – yəni elmi/analitik məqalələr dərc edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: