Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.04.2026 12:43
  • A-
  • A
  • A+

Arxeoloq alimlər beynəlxalq elmi konfransda iştirak ediblər

Arxeoloq alimlər beynəlxalq elmi konfransda iştirak ediblər

Sankt-Peterburq Dövlət Universiteti, Rusiya EA Maddi Mədəniyyət Tarixi İnstitutu, Dövlət Ermitajı, Rusiya EA Böyük Pyotr adına (Kunstkamera) antropologiya və etnoqrafiya muzeyi, Rusiya etnoqrafiya muzeyi və Rusiya EA Sankt-Peterburq bölməsinin təşkilatçılığı ilə internet üzərindən “Sibir və Mərkəzi Asiyanın köçəri və maldarlarının arxeologiya, tarix və etnoqrafiyası” adlı beynəlxalq elmi konfrans keçirilib.

Çin, Monqolustan, Özbəkistan, Qırğızıstan, Çexiya və Macarıstandan olan arxeoloq və etnoqrafların iştirak etdiyi beynəlxalq konfransda Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, t.ü.f.d., dosent Dmitri Kiriçenko və t.ü.f.d., dosent Anar Ağalarzadə təmsil etmişlər. “Dağlıq Talışda erkən dəmir dövrü Viləşçay yaşayış yeri” adlı məruzə ilə hibrid formatda çıxış edən alimlər qeyd etmişlər ki, Viləşçay yaşayış məskəni 2024-cü ildə ilk dəfə yol çəkilişi zamanı aşkarlanmış və burada 2025-ci ilin çöl tədqiqatları mövsümündə geniş qazıntılar aparılmışdır. Abidədə aparılan qazıntıların məqsədi — dağlıq bölgədə ibtidai icma quruluşunun son mərhələsində qədim sakinlərin təsərrüfat həyatı, məişəti və mənəvi mədəniyyətinin gedişatını izləmək olmuşdur. Yaşayış yerinin mədəni təbəqəsinin qalınlığının 1,5 m-dən artıq olması bəhs olunan dövrdə arealda uzunmüddətli və intensiv yaşayışın olduğunu deməyə əsas vermişdir. Bu xüsusiyyətləri şərtləndirən amillərdən biri də qədim yaşayış izlərinin məhz bol sulu Viləşçayın sahilində yerləşməsidir.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, Viləşçay yaşayış yeri və onun maddi mədəniyyət nümunələri haqqında suallar cavablandırılmış, qarşılıqlı diskussiyalar aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: