Mart ayının əvvəllərində Bakıda olmuş Türkiyənin Yıldız Universitetinin professoru Süleyman Doğan ölkəsində nəşr olunan “Aksarayın Hafızası” jurnalında bu səfəri barədə geniş məqalə dərc etdirib.
Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görüş keçirmiş və mühazirə oxumuş alim “Türküstan coğrafiyasından Bakı məktubu” adlı məqaləsində bu barədə ətraflı məlumat verib və Şərqşünaslıq İnstitutunun fəaliyyətini geniş şəkildə işıqlandırıb. Professor Süleyman Doğan institutun elmi mühiti, burada çalışan tədqiqatçıların peşəkarlığı və aparılan araşdırmaların əhəmiyyəti barədə ətraflı məlumat təqdim edib.
Məqalədə professor Süleyman Doğan institutun direktoru, alademik Gövhər Baxşəliyeva ilə görüşünü yüksək dəyərləndirib, rəhbərlik tərəfindən göstərilən diqqət və elmi mühitin səviyyəsini xüsusi vurğulayıb. Eyni zamanda Şərqşünaslıq İnstitutunda keçirilmiş mühazirə və ona göstərilən maraq barədə də geniş bəhs olunub.
Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, müəllif Azərbaycanda science.gov.az saytında bu tədbirlə bağlı yayımlanmış xəbəri Türkiyə nəşrindəki məqaləsinə tam şəkildə Azərbaycan dilində daxil edib. Bu isə Şərqşünaslıq İnstitutunun fəaliyyətinin və elmi tədbirlərinin beynəlxalq elmi ictimaiyyətə birbaşa təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu məqalənin Türkiyə elmi məkanında yayılması Şərqşünaslıq İnstitutunun beynəlxalq əlaqələrinin genişlənməsi, elmi fəaliyyətinin tanıdılması və Azərbaycan elminin nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.