Prezident İlham Əliyev Azərbaycan elminə və alimlərinə hər zaman yüksək dəyər vermişdir. Bu münasibətin bariz nümunələrindən biri “Elm haqqında” Qanunun qəbul edilməsidir. Sözügedən qanun elmin inkişaf strategiyasını müəyyənləşdirərək, bu sahədə qarşıda duran vəzifələrə adekvat cavab verir.
Bu sözləri AMEA-da “Elm günü” münasibətilə keçirilən tədbirdə AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov deyib.
Professor Anar İsgəndərov çıxışında Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq müstəvidə tanıdılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə sistemli fəaliyyətin vacibliyini qeyd edib. O, tarixi faktlara da toxunaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin gələcəyi naminə 100 gəncin xarici ölkələrə təhsil almağa göndərildiyini xatırladıb. Daha sonra 1969-cu ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə gənclərin xarici ölkələrdə təhsil almasına geniş imkanlar yaradıldığını, ənənənin bu gün də davam etdirildiyini bildirib.
Komitə sədri, həmçinin 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunmasının ölkədə elmin institusional əsaslarının formalaşdırılmasında mühüm mərhələ olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün “Elm günü”nün təsis edilməsi dövlətin elmə verdiyi dəyərin davamlı xarakter daşıdığını göstərir. O, bu əlamətdar günün Azərbaycan elminin görkəmli nümayəndələri ilə birlikdə qeyd olunmasının xüsusi rəmzi məna daşıdığını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.