AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov Türkiyədə Rami Kitabxanasında keçirilən III Beynəlxalq Kitabxana və Texnologiya Festivalında iştirak edib.
Elmi irs şöbəsinin əməkdaşı kitabxana və arxivlərdə süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi və perspektivləri barədə festivalın panel iclaslarında təşkil olunan müzakirələrdə iştirak edib.
Tədbir çərçivəsində kitab, arxiv sənədləri, müxtəlif materialların mühafizəsi üçün önəmli hesab olunan dezinfeksiya və klimat-kontrol, həmçinin arxiv sənədlərinin bərpası ilə bağlı texnologiyaların Elmi irs şöbəsində tətbiqi perspektivləri dəyərləndirilib.
Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov Türkiyə Respublikası İstanbul Universitetinin Nadir Kitablar və Əlyazmaların Bərpası Mərkəzinin, həmçinin İstanbulun ən böyük Rami Kitabxanasının fəaliyyətilə tanış olaraq orada tətbiq edilən ən son texnoloji qurğuların iş prinsipləri barədə məlumatlandırılıb. Qeyd edək ki, Rami Kitabxanası Türkiyənin ilk “Biosfer Dayanıqlı Muzey Sertifikatı”na malikdir.
Həmçinin səfər zamanı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, adıçəkilən qurumun Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Rami Kitabxanasının rəhbəri Əli Çelik, eləcə də aparıcı kitabxana rəhbərləri ilə baş tutan işgüzar görüşlərə qatılıb.
Kitabxanalar və arxivlər arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.