AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Sağlam psixososial iş mühitinin yaradılması” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova, Əməyin Texniki Müfəttişi Həsənqulu Qurbanov, əməyin mühafizəsi üzrə məsul şəxslər, AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Nizami Vəliyev, İlk Həmkarlar Təşkilatlarının sədrləri, institut və təşkilatların mülki müdafiə qərargah rəisləri və əməkdaşları iştirak ediblər.
AMEA AHİ-nin sədr müavini, Rəyasət Heyətinin üzvü Şəhla Əmirova tədbiri giriş sözü ilə açaraq bildirib ki, 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə hər il əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi sahəsində maarifləndirilmənin artırılması və təhlükəsiz əmək mühitinin təşviqi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları tərəfindən onların üzvlərinin işlədiyi müəssisə və təşkilatlarda müxtəlif tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2026-cı il üzrə deviz “Sağlam psixososial iş mühitinin yaradılması” kimi müəyyən edilib. Bunu nəzərə alaraq, AMEA Azad Həmkarlar İttifaqında qeyd edilən mövzu ilə bağlı dəyirmi masanın keçirilməsi qərara alınıb.
Daha sonra söz məruzə üçün AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Nizami Vəliyevə verilib.
Nizami Vəliyev bildirib ki, sağlam psixososial iş mühiti hər bir təşkilatın uğurlu fəaliyyətinin əsas şərtlərindən biridir. Bu mühit yalnız işçilərin özünü yaxşı hiss etməsi üçün deyil, eyni zamanda onların potensialını tam şəkildə reallaşdırması üçün vacibdir. Qeyd etmək lazımdır ki, iş yerində psixoloji rahatlıq və sosial münasibətlərin sağlam olması birbaşa işin keyfiyyətinə təsir edir. Əgər işçi özünü təhlükəsiz, dəyərli və dəstəklənən hiss edirsə, o zaman o, işinə daha məsuliyyətli yanaşır, daha yaradıcı olur və qarşıya qoyulan məqsədlərə daha effektiv şəkildə nail olur. Digər tərəfdən, psixososial problemlərin mövcud olduğu mühitdə işçilər tez yorulur, motivasiyasını itirir və işə qarşı marağı azalır. Bu isə yalnız fərdi səviyyədə deyil, bütövlükdə təşkilatın fəaliyyətində zəifləmələrə səbəb olur.
Vurğulamaq lazımdır ki, sağlam psixososial mühit öz-özünə yaranmır. Bu mühit rəhbərliyin düzgün idarəetmə yanaşması, açıq ünsiyyət, ədalətli münasibət və kollektiv daxilində qarşılıqlı hörmət əsasında formalaşır. Yəni bu, davamlı diqqət və sistemli yanaşma tələb edən bir prosesdir. Sağlam psixososial iş mühitinin yaradılması yalnız sosial məsələ deyil, eyni zamanda strateji bir yanaşmadır. Bu yanaşma həm işçilərin rifahını artırır, həm də təşkilatın uzunmüddətli inkişafına xidmət edir.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Müzakirələr zamanı çıxış edən Əməyin Texniki Müfəttişi Həsənqulu Qurbanov, Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev, Şərqşünaslıq İnstitutunun əməyin mühafizəsi üzrə mütəxəssisi Orxan Nəcəfov, Dilçilik İnstitutunun əməyin mühafizəsi üzrə mütəxəssisi Mehman Həsənov, AMEA Rəyasət Heyətinin Həmkarlar Təşkilatının sədri Aynur Mahmud, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova və digərləri mövzunun aktuallığını qeyd edərək, təşkilatlarda psixososial mühitin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Çıxışlarda bildirilib ki, iş yerlərində psixoloq xidmətinin təşkili, əməkdaşlar üçün mütəmadi təlimlərin keçirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqi bu sahədə mühüm nəticələr verə bilər.
Tədbirdə mövzu ilə bağlı slaydlar da nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.