Qırğızıstanda keçirilən “Manasdan Aytmatova: humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli Qırğızıstan Dövlət televiziyasına müsahibə verib.
Müsahibə zamanı Azərbaycan və Qırğızıstanın ortaq tarixi köklərə malik qədim türk sivilizasiyasının nümayəndələri olduğu vurğulanıb, müstəqillik illərində iki ölkə arasında inkişaf edən elmi-ədəbi əlaqələrdən bəhs edilib.
Mehman Həsənli qeyd edib ki, son yüzillikdə Azərbaycan-Qırğızıstan elmi-ədəbi münasibətlərinin inkişafında böyük qırğız yazıçısı Çingiz Aytmatov fenomeni mühüm rol oynayıb. O bildirib ki, Azərbaycanda yazıçının şəxsiyyətinə və zəngin ədəbi irsinə böyük ehtiram göstərilir, yaradıcılığı daim diqqət mərkəzində saxlanılır.
Eyni zamanda vurğulanıb ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Bu çərçivədə “Çingiz Aytmatov ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması istiqamətində iş aparılır, həmçinin böyük yazıçının epistolyar irsinin tədqiqinə başlanılıb.
Müsahibədə Qırğızıstan Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyevin Azərbaycanla elmi əlaqələrin inkişafında mühüm xidmətləri xüsusi qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.