Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyat İnstitutunun əməkdaşının monoqrafiyası çapdan çıxıb
10.04.2026 12:08
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşının monoqrafiyası çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlının (Hüseynova) “Sənətkarın elmi pasportu” seriyasından Salidə Şəmmədqızının kiçik bədii nəsri” adlı monoqrafiyası nəşr edilib.

Üç fəsildən ibarət olan monoqrafiyada Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, yazıçı, ədəbiyyat nəzəriyyəçisi Salidə Şərifovanın elmi və bədii yaradıcılığı geniş şəkildə tədqiq edilir. Mənzər Niyarlı (Hüseynova) ədəbiyyatşünas və yazıçı Salidə Şəmmədqızının (Salidə Şərifova) ədəbiyyatşünaslıq fəaliyyəti ilə yanaşı, satirik kiçik nəsrinin janr xüsusiyyətlərinə, özünü göstərən bədii refleksiyaya, bədii və elmi janrların qarışıqlığına, postmodern, yumor, sarkazm və s. kimi məqamlara aydınlıq gətirir. Mənzər Niyarlı Salidə Şərifovanın bədii yaradıcılığında Sabir satirasının ənənələrini davam etdirməsini “Ədəbiyyatşünas və yazıçı Salidə Şəmmədqızı (Salidə Şərifova)”, “Salidə Şəmmədqızının kiçik nəsrinin janr xüsusiyyətləri”, “Salidə Şəmmədqızının nəsrində Sabir satirasının ənənələri” adlı fəsillərdə tədqiq edir.

Monoqrafiyanın elmi redaktoru və “Elmi və bədii yaradıcılığı bir müstəvidə tədqiq edən ədib – Salidə Şəmmədqızı (Salidə Şərifova)” adlı ön sözün müəllifi filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səyyad Arandır. Monoqrafiyanın rəyçiləri filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri Məmməd Əliyev, filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd, filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almaz Binnətova, filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Dilarə Adilovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: