Muzey Mərkəzində Mirzə Sadıx Əsədoğlunun 180 illiyi qeyd olunub.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən həyata keçirilib.
Öncə muzeyin direktoru, sənətşünaslıq doktoru, Əməkdar Mədəniyyət xadimi Alla Bayramova Mirzə Sadıx Əsədoğlunun yaradıcılığı haqqında giriş sözü ilə çıxış edib.
Tədbirdə həmçinin AMEA Memarlıq və İncəsənət İnstitutu “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərli də məruzə edib. O, Mirzə Sadıx Əsədoğlunun Azərbaycan musiqi mədəniyyəti tarixində göstərdiyi xidmətləri qeyd edib, onun həm mahir tar ifaçısı, həm tar alətinin reformatoru, həm milli səs təfəkkürünün daşıyıcısı olduğunu vurğulayıb. Professor İradə Köçərli M.F.Axundovun əlifba islahatını yada salaraq onu Sadıxcanın tar reforması ilə müqayisə edir: “Əgər M.F.Axundov Azərbaycan türk dilinin milli dil xüsusiyyətlərini düzgün ifadə edən əlifba islhahatı arzusunda idisə, Sadıxcan bunu musiqi dili sahəsində aparmışdır və həyata keçirmişdir. Doğma səs, milli səslənmə axtarışında olan Mirzə Sadıx Əsədoğlu yeni milli səs sistemi yaratmış, tarın pərdələrinin düzülüşünü yeniləmişdir. Bununla da, o, zəngin musiqi irsimizin milli özəlliyini, milli səs-intonasiya məcmusunu ifadə edə bilən Azərbaycan tarını yarada bilmişdir”. İ.Köçərli qeyd edib ki, Mirzə Sadıx Əsədoğlunun tar islahatının ən mühüm cəhəti bundadır. O, eyni zamanda, Sadıxcanın hərtərəfli bir musiqiçi olduğu və “Zərbi muğam”ların yaradıcısı olduğunu da söyləyib. Məhz Sadıxcanın təşəbbüsü ilə ilk dəfə, “Şur” muğamının “Simayi-şəms” və “Çahargah” muğamının “Mənsuriyyə” şöbələri dairə alətinin müşayiəti altında “zərblə” oxumuşdur. Beləliklə də, yeni bir milli musiqi janrının əsası qoyulmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.