Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.04.2026 10:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Özbəkistanda keçirilən Beynəlxalq Türk Mədəniyyəti Simpoziumunda iştirak edib

Əlyazmalar İnstitutunun alimi Özbəkistanda keçirilən Beynəlxalq Türk Mədəniyyəti Simpoziumunda iştirak edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş “III Beynəlxalq Türk Mədəniyyəti Simpoziumu”nda iştirak edib.

Görkəmli türkoloq və folklor tədqiqatçısı, 100 cilddən artıq “Özbək xalq yaradıcılığı” külliyatının elmi redaktoru professor Töre Mirzayevin 90 illik yubileyinə həsr olunmuş, Türk dünyasının müxtəlif ölkələrindən bir sıra nüfuzlu alim və mütəxəssislərin qatıldığı simpoziumda Xatirə Yusifova “Azərbaycanda XX əsrdə Osmanlı ədəbiyyatına dair elmi tədqiqatların əsas istiqamətləri” mövzusunda məruzə edib.

Alim çıxışında XX əsr Azərbaycan ədəbiyyatşünaslığı daxilində Osmanlı ədəbiyyatının öyrənilməsinin həm elmi-estetik maraqlarla, həm də dövrün ictimai, siyasi və ideoloji şəraiti ilə sıx bağlı olan çoxqatlı bir proses kimi formalaşdığını vurğulayıb. Alim təqdim etdiyi məruzədə Firidun bəy Köçərli, Həmid Araslı, Əziz Mirəhmədov kimi ədəbiyyatşünas alimlərimizin, o cümlədən İsmayıl Hikmət Ertaylan, Fuad Köprülü, Abdülbaki Gölpınarlı kimi türkiyəli tədqiqatçıların Osmanlı ədəbiyyatına dair elmi araşdırmalarının təhlilini aparıb, onların Azərbaycan ədəbiyyatını bütöv türk dünyası kontekstində araşdıraraq Osmanlı-Azərbaycan ədəbi əlaqələrinin elmi əsaslarla öyrənilməsi sahəsində verdikləri töhfələrdən söz açıb. 

Çıxışının sonunda alim keçirilən simpoziumun Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb və təşkilatçı qurumlara öz dərin minnətdarlığını bildirib.

Simpozium çərçivəsində X.Yusifova maraqlı məruzəsinə, geniş və əhatəli çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.

Qeyd edək ki, beynəlxalq simpozium Özbəkistan Respublikası Elmlər Akademiyası, Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universiteti, Özbəkistan Yazıçılar Birliyi, Türk Mədəniyyəti Araşdırmaları İnstitutu, Ege Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Ankara Hacı Bayram Vəli Universiteti, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Cənubi Koreyanın Dongduk Universitetinin Avrasiya Araşdırmaları İnstitutu və Türk Arxeoloji Mədəni İrs İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: