Bu gün AMEA Kimya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Öncə Vətən azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan institutun Həmkarlar təşkilatının sədri, kimya üzrə elmlər doktoru, professor Arif Əfəndi xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan 20 Yanvar hadisəsindən 24 il ötdüyünü, şəhidlərin daim xalqımızın qəlbində yaşayacağını söylədi. Bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğurunda mübarizə əzmini qıra bilməmiş, Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır.
Tədbirdə çıxış edən institutun Gənc alim və mütəxəssislər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, kimya üzrə elmlər doktoru Elza Salahova və kimya üzrə fəlsəfə doktoru Süleyman Verdiyev 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən söz açdılar. Əminliklə vurğuladılar ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.