Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Raket yanacaqlarının zərərsizləşdirilməsi və yaşıl texnologiyalar üzrə mühüm nəticələr əldə edilib
14.04.2026 12:48
  • A-
  • A
  • A+

Raket yanacaqlarının zərərsizləşdirilməsi və yaşıl texnologiyalar üzrə mühüm nəticələr əldə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin institutlarında son illər ərzində müdafiə sənayesi, enerji təhlükəsizliyi və ekoloji dayanıqlılıq sahələrini əhatə edən mühüm elmi nəticələr əldə olunub.

Belə ki, AR Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ölkə ərazisində sovet dövründən qalan və yararsız vəziyyətə düşmüş raket yanacaqlarının oksidləşdirici komponentlərinin zərərsizləşdirilməsi istiqamətində tədqiqatları davam etdirib. Aparılan işlər hərbi və ekoloji təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda institutda karbon qazının elektrokimyəvi reduksiyası, suyun elektrolizi yolu ilə hidrogenin alınması və Günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsi istiqamətində tədqiqatlar aparılıb. Bu tədqiqatlar ölkədə yaşıl texnologiyaların inkişafı və alternativ enerji mənbələrinin tətbiqi baxımından mühüm elmi baza rolunu oynayır.

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda isə dizel yanacağı, bitum modifikatorları və neft məhsullarının səmərəli emalı ilə bağlı 5 yeni elmi qrant layihəsi qazanılıb. Layihələrin nəticələrinin sənayedə tətbiqi perspektivləri yüksək qiymətləndirilir.

Bundan əlavə, Kimya Elmləri Bölməsinin institutları tərəfindən 8 təsərrüfat müqaviləsi bağlanıb, beynəlxalq tərəfdaşlarla birgə aparılan tədqiqatların nəticələri isə “Wiley” və “Springer Nature” kimi nüfuzlu elmi nəşrlərdə dərc olunub.

Qeyd edək ki, aparılan tədqiqatlar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər” və 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, elmin sənaye ilə inteqrasiyasına, eləcə də milli təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: