Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.04.2026 10:32
  • A-
  • A
  • A+

Arxeoloq alimlər beynəlxalq elmi simpoziumda iştirak ediblər

Arxeoloq alimlər beynəlxalq elmi simpoziumda iştirak ediblər

Türkiyə Respublikası Balıkesir Universitetinin təşkilatçılığı ilə “Quvayi-Milliyə Şəhəri Balıkesir Beynəlxalq Yörük Türkmən Simpoziumu” keçirilib.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan arxeoloq və etnoqrafların iştirak etdiyi sözügedən beynəlxalq elmi simpoziumda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadə və AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Samir Kərimov birlikdə təmsil olunmuşlar. “Güney Kafkasya’nın Güneydoğu sınırlarında yerleşim izleri: Peşteser yaylalarında tespit edilen yarı göçebelere ait Tunç-Erken Demir çağı kurqanları” adlı məruzə ilə online formatda çıxış edən alimlər qeyd etmişlər ki, Cənubi Qafqazın cənub-şərq sərhədlərində, Azərbaycanın cənub-şərqində, Peştəsər yaylaqlarında yerləşən Tunc və Erkən Dəmir dövrünə aid yarımköçəri cəmiyyətlərə məxsus kurqanlar tarixin ən maraqlı səhifələrindən birini təşkil edir. Son illərdə bu dəfn abidələrində aparılan yeni arxeoloji qazıntılar Erkən Tunc dövründən başlayaraq yarımköçəri icmaların yüksək dağlıq ərazilərdə məskunlaşması və dəfn adətlərində kurqan tipli qəbirlərin ucaldılması ənənəsini ortaya çıxarmışdır.

Qəbirlərdən tapılan maddi mədəniyyət nümunələri (dulusçuluq məmulatı, tunc silahlar, bəzək əşyaları və daş alətlər) yerli istehsal təsərrüfatının formalaşmasından xəbər verir. Bundan əlavə, dəfnlərin fərqli xüsusiyyətləri də dağlıq ərazidə kurqanlarda dəfnetmə ənənəsinin müxtəlif dövrlərdən geniş yayıldığını konkret sübut edir. Müqayisəli təhlillərə əsasən, belə arxeoloji nümunələr Cənubi Qafqazın eyni dövrə aid arxeoloji mədəniyyətlərinə məxsus abidələrdən də məlumdur.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, Azərbaycanın cənub-şərq bölgəsinin arxeoloji abidələri və onun maddi mədəniyyət nümunələri haqqında suallar cavablandırılmış, qarşılıqlı diskussiyalar aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: