Almaz Ülvi və Ruhşanə Qurbanzadənin “Orta əsrlər Şərq poeziyasında İskəndər obrazı” adlı kitabı işıq üzü görüb.
Kitab Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin əsərləri əsasında hazırlanıb. Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.
Monoqrafiyada klassik Şərq ədəbiyyatı kontekstində Makedoniyalı İskəndər obrazı tədqiq olunub. Əbülqasım Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “İskəndərnamə”, Əmir Xosrov Dəhləvinin “Ayiney-i İskəndər”, Əbdürrəhman Caminin “Xiradnameyi İskəndər” və Əlişir Nəvainin “Səddi İskəndəri” əsərlərində İskəndər obrazı müxtəlif bucaqlardan təhlil edilib.
Tədqiqatda İskəndər yalnız tarixi şəxsiyyət kimi deyil, həm də bədii qəhrəman və ideallaşdırılmış sima kimi təqdim olunur. Onun xarakterik xüsusiyyətləri, qərarvermə bacarığı, cəsarəti və idealist yönləri müqayisəli şəkildə araşdırılıb, müxtəlif müəlliflərin baxışları sistemli formada təqdim edilib.
Müəlliflər Almaz Ülvi və Ruhşanə Qurbanzadənin təxminən beş il ərzində üzərində işlədiyi bu monoqrafiyanın əsas məqsədi Şərq ədəbiyyatında İskəndər obrazının həm tarixi, həm də bədii təzahürlərini kompleks şəkildə tədqiq etməkdir.
Əsərdə, həmçinin İskəndər obrazının zaman və məkan kontekstində keçirdiyi dəyişmələr izlənilir, bu obraz vasitəsilə Şərq ədəbiyyatının estetik prinsipləri, ideallar və qəhrəmanlıq anlayışları işıqlandırılır.