Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Şahin Mustafayev: Birinci Türkoloji Qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan vacib qərarlar qəbul edilib
20.04.2026 13:00
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev: Birinci Türkoloji Qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan vacib qərarlar qəbul edilib

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyası tarixində son dərəcə mühüm bir hadisədir. Bu hadisənin tarixi əhəmiyyətini daha yaxşı anlamaq və düzgün qiymətləndirmək üçün Qurultayın keçirildiyi dövrün tarixi-siyasi mühiti və həmin vaxtkı şərait mütləq nəzərə alınmalıdır.

Bu fikirləri Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzulu panel iclasda çıxışı zamanı bildirib.

Akademik Şahin Mustafayev vurğulayıb ki, türk tarixində ilk dəfə olaraq bu Qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəldilər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcək ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar. Eyni zamanda, türkçülük ideyasının inkişafı və Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib.

Onun sözlərinə görə, bu Qurultay həm elmi, həm siyasi cəhətdən olduqca böyük əhəmiyyət daşıyıb. Burada türk xalqlarının bir çox ortaq elmi problemi, onların tarixi, mədəniyyəti müzakirə edilib ki, onların içərisində ən əsası yeni əlifbaya keçid məsələsi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: