Səməd Vurğunun “Azərbaycan” şeiri olmadan Azərbaycanı təsəvvür etmək çətindir. Vətən bizim babalarımızın məskənidir. Vətən bizim özümüzün, övladlarımızın vətənidir. Abbas Səhhətin məşhur şeirində deyildiyi kimi: “Vətəni sevməyən insan olmaz, olsa da, o şəxsdə vicdan olmaz”.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda keçdiyi ustad dərsi zamanı deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, “Azərbaycan” sözü şərqşünasların yazdığına görə, ərəb mənbələrində hələ IX əsrlərdə işlənmişdir. Rəsmi olaraq isə Azərbaycan sözü XIX əsrdə, XIX əsrin sonlarına doğru rəsmi məlumatda ifadə olunmuşdur. 1891-ci ildə Azərbaycan dilində çıxan “Kəşkül” qəzetində və rus dilində çıxan “Kaspi” qəzetində “Azərbaycan” sözü mətbuatda ilk dəfə işlədilmişdir. Məhəmməd ağa Şahtaxtlının “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” adlı məqaləsi verilmişdi ki, orada Zaqafqaziya müsəlmanlarının “tatar” adlandırılması tənqid olunmuş, bu, qeyri-elmi hesab edilmiş və Zaqafqaziya müsəlmanlarının “Azərbaycanlı” adlandırılması təklif olunmuşdur.
Məhəmməd ağa Şahtaxtlı və “Kəşkül” qəzetindəki “Azərbaycanlı” imzası ilə çap olunan məqalənin müəllifi (məncə, Cəlal Ünsizadə - o, qəzetin baş redaktoru idi) imzasız çap olunsa da, bunların düzgün qənaətinə görə, azərbaycanlıların çox yaşadığı yer Azərbaycan ərazisidir. Azərbaycan coğrafiyası indiki Azərbaycandan genişdir. Bu coğrafiyada yaşayanların dili Azərbaycan dilidir. Bu xalqın adı Azərbaycan xalqıdır. Qəzetdə çap olunan məqalədə Tiflisdə, vağzalda italyan xarici qonaqla azərbaycanlının dialoqu verilir. İtalyan soruşur ki, siz nə millətdənsiniz? Azərbaycanlı cavab verir ki, müsəlman. İtalyan deyir ki, mən sizin dininizi yox, millətinizi soruşuram. Yenə cavab verir ki, mən müsəlmanam. İtalyan ona izah edir ki, müsəlman sizin dininizdir, sizin millətinizin adı azərbaycanlıdır. Müəllif yazır ki, indiyə qədər bizim axundlarımızın heç biri bizə millətimiz haqqında bir söz deməmişdir. Yalnız müsəlman olmağımız haqqında eşitmişdik.
Beləliklə, milli oyanış, milli-mənəvi özünüdərk və Azərbaycan kimliyinin tanınması real olaraq başlandı. Uzun əsrlər boyu xalqımız ümumi adlarla - türk, müsəlman, tatar adlandırılmışdı. Türk bizim mənşəyimizdir, kökümüzdür. Amma milli oyanış, özünüdərk, özünə qayıdış və özünü tanımaq XIX əsrin ikinci yarısından başlamışdır. Mən bu prosesdə Mirzə Fətəli Axundzadənin dramaturgiyasını, Azərbaycan teatrının yaranmasını və XIX əsrdə Azərbaycan milli mətbuatının fəaliyyətə başlamasını milli oyanışın əsas atributları hesab edirəm. XX əsrin əvvəllərində artıq Azərbaycanda “Mən kiməm?” sualına aydın cavab verildi.
Buna ən yaxşı nümunə Cəlil Məmmədquluzadənin 1920-ci ildə Şuşada yazdığı “Anamın kitabı” əsəridir. Məncə, “Anamın kitabı” tam mənası ilə Azərbaycanın tale kitabıdır. Yeri gəlmişkən deyim ki, mənim fikrimcə, XX əsr ərzində cəmi dörd belə əsər - bizim milli kimliyimizin proqramı və nizamnaməsi olan dörd müəllifin əsəri çap olunub. Onlardan biri və birincisi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəridir. İkincisi hesab edirəm Anarın “Ağ qoç, qara qoç” əsərini, üçüncüsü Məmməd Arazın “Atamın kitabı” poemasını, dördüncüsü isə Sabir Rüstəmxanlının “Ömür kitabı”nı. Bu dörd əsər, məncə, Azərbaycanın tale kitablarıdır. Hərəsi bir dövrdə milli-mənəvi özünüdərkin, milli kimliyin pasportu olmuş kitablardır.
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri azərbaycançılığın proqram əsəridir, nizamnaməsidir. Və Mirzə Cəlilin 1917-ci ildə yazdığı “Azərbaycan” məqaləsi həcmcə cəmi iki səhifədən ibarət olsa da, bu da azərbaycançılıq anlayışının təməli hesab olunmağa layiqdir. Məqalədə deyirdi: “Bəzən otururam, papağımı qoyub qabağıma fikirləşirəm: mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki, mənim anam rəhmətlik Zəhrəbanu bacı idi. Dilim nə dilidir? Azərbaycan dilidir. Vilayətim Azərbaycan vilayətidir”. Bu sual ilk dəfə idi qoyulurdu. Ondan əvvəl “mən kiməm?”, “dilim nədir?”, “ərazi nədir?” müzakirə olunurdu. Amma ilk dəfə Azərbaycan ədəbiyyatında və ictimai fikrində bu suallar 1917-ci ildə Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsində göstərilmişdi.
Onun digər əsərlərinə də müraciət edərək Mirzə Cəlilin cızdığı Azərbaycan coğrafiyasını sizə çatdırmaq istəyirəm. “Azərbaycan” məqaləsində və digər yazılarında qeyd olunduğu kimi, Azərbaycan bir vilayətdir ki, mərkəzi Təbriz şəhəridir, o zamana görə Dəmirqapı Dərbənddən Borçalı çökəyinə, Ağrı dağından, Həmədandan Zəncana və Quzğun dənizinə - Xəzər dənizinə qədər olan ərazini Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanın coğrafiyası hesab etmişdir. Təxminən Şah İsmayıl Xətainin qılıncı ilə cızdığı əraziləri Mirzə Cəlil qələmi ilə çəkmişdir. Nəyin uğrunda mübarizə aparmaq, hansı coğrafiyada təmsil olunmaq sualına cavab verərkən bunu göstərmişdir.
Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili və varlığı dövlət səviyyəsində yenidən dərinləşməyə və möhkəmlənməyə doğru irəlilədi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşaması ilə və uzun illər bizim sovet ideologiyasında bu dövrün tam unudulması ilə bu proses dayandı. Sovet hakimiyyəti illərində azərbaycançılıq yalnız bir ideologiya idi. Vətənpərvərlik və sovet vətənpərvərliyinin içərisində Azərbaycan vətənpərvərliyi də etiraf olunan həqiqətlər idi. Bizim şairlərimiz, yazıçılarımız vətəni tərənnüm edən şeirlər yazmaqla, bir tərəfdən, Azərbaycan dilinin möhtəşəmliyini qoruyurdular, digər tərəfdən isə azərbaycançılıq tərbiyəsi, vətənpərvərlik tərbiyəsi aşılayırdılar.
Hesab edirəm ki, son 100 ildə, bu gün də daxil olmaqla, Azərbaycan haqqında ən mükəmməl, ən populyar şeir Səməd Vurğunun 29 yaşında, 1935-ci ildə yazdığı “Azərbaycan” şeiridir. Ondan sonra Azərbaycan mövzusunda onlarla şairimiz xeyli dərəcədə istedadla yazılmış mükəmməl şeirlər meydana qoysa da, hələ də Səməd Vurğunun “El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən” misraları ilə başlayan şeirinin zirvəsi fəth olunmamışdır. Əlbəttə, layiqli nümunələr də var. Böyük şairimiz Məmməd Arazın “Azərbaycan - mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər” misraları ilə başlayan şeiri populyar əsərlərdən biri sayılır. Belə nümunələr kifayət qədərdir. Bütövlükdə, bu şeirlər, Azərbaycan mövzusunda yazılan digər əsərlər sovet rejiminin beynəlmiləlçilik mühiti içərisində bizim milli kimliyimizi, milli dilimizin və vətənimizin varlığını qoruyub saxlamasına özünün böyük töhfəsini vermişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.