Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Əcəmi Naxçıvani- 900” adlı dəyirmi masa və kitab sərgisi keçirilib.
Tədbirdə, həmçinin AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, memarlıq doktoru, dosent Rahibə Əliyeva da “Naxçıvan memarlıq məktəbi və Əcəmi Naxçıvaninin yaradıcılığı” adlı məruzə ilə çıxış edib. O, XII əsrdə formalaşan Naxçıvan memarlıq məktəbinin banisi memar Əcəmi Naxçivaninin zəngin memarlıq irsinə malik olduğunu söyləyib. Əcəmi Naxçivani məktəbinin təkcə Azərbaycan üçün deyil, həm də bütün Şərq mədəniyyəti üçün əhəmiyyətli tarixi hadisə olduğunu vurğulayıb. Azərbaycanda Ə.Naxçivani ideyalarına əsasən yaradılan, XX əsrə məxsus olan bir çox memarlıq irsi olduğunu söyləyib, Naxçıvanda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib. Dövrümüzədək gəlib çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əks olunduğunu bildirib. Məruzədə dahi memarın yaratdığı kompozisiyaların, dekorativ bəzək üsullarının Azərbaycan memarlığı ilə bərabər Yaxın Şərq memarlıq tikililərinə təsirindən də bəhs edilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Kitabxana İnformasiya Mərkəzinin fonduna memarlıq doktoru Rahibə Əliyevanın müəllifi olduğu “Əcəmi Naxçivani- 90” adlı kitab hədiyyə olunub.
Kitab Türk Mədəniyyəti və İrsi Fondu və Memarlar İttifaqının dəstəyi ilə işıq üzü görüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.