AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında sonuncu nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır” başlıqlı icmal yer alır.
Qəzetin ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda ustad dərsi, “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimatı və Dövlət müstəqilliyimizin bərpasının 35 illiyinə həsr olunan elmi konfransına dair informasiyalar dərc edilib.
“Elm” qəzetinin bu nömrəsində AMEA-da görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Cəfər Cəfərovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfrans, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə həsr olunmuş elmi sessiya, Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunan elmi konfrans, eləcə də Gəncə Bölməsində ana dilimizin qorunması və inkişafı mövzusunda seminar haqqında yazılar yer alır.
Bu sayda oxucular “Beynəlxalq elmi əməkdaşlıq” rubrikası altında İraq türkmanlarının tarixi və etnologiyası, Ədəbiyyat İnstitutunun əməkdaşının Polşada tələbələrə mühazirəsi, arxeoloq alimlərin beynəlxalq elmi simpoziumda fəaliyyəti barədə xəbərlər və yeni nəşrlərlə tanış ola bilərlər.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və informasiyalar dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.