Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.04.2026 10:34
  • A-
  • A
  • A+

Şərqşünas alim Ankarada konfransda milli kimliyin qorunmasında dil amilinin rolu haqqında məruzə edib

Şərqşünas alim Ankarada konfransda milli kimliyin qorunmasında dil amilinin rolu haqqında məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev aprelin 25-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Kərkük Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Milli kimlik və soydaşlıq mirası" adlı beynəlxalq konfransda "Milli kimliyin təşəkkülündə və qorunmasında dil amilinin rolu: nəzəri-konseptual yanaşmalar" mövzusunda məruzə ilə çıxış edib.

E.Mustafayev qeyd edib ki, milli kimliyin təşəkkülündə və qorunmasında dilin yeri və rolu müstəsna əhəmiyyətə malikdir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın tarixi yaddaşını, dünyagörüşünü, mədəni dəyərlərini və mənəvi irsini özündə daşıyan əsas sütundur. Hər bir millətin özünəməxsusluğu ilk növbədə onun dili vasitəsilə qorunur, ifadə olunur və inkişaf etdirilir. Bu baxımdan, dil milli identikliyin əsas göstəricilərindən biri kimi qəbul edilir.

Məruzəçi həmçinin bildirib ki, dil xalqın keçmişi ilə bu günü arasında körpü rolunu oynayır. Bu nöqteyi-nəzərdən, dilin saflığının qorunması, inkişaf etdirilməsi məqsədyönlü dil siyasətini, təhsil sistemində onun möhkəm yer tutmasını təmin etmək olduqca zəruri bir məsələdir.

E.Mustafayev konfrans çərçivəsində türkman dilinin mövcud vəziyyəti haqqında danışdıqdan sonra, keçən il ərsəyə gətirdiyi “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” adlı kitabı barədə ətraflı məlumat verib. Kitabın həm Azərbaycan dilində, həm də ərəb dilində ayrı-ayrı cildlər şəklində Bakı və Bağdad şəhərlərində nəşr olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, kitabda tədqiqat zamanı iki doğma dil arasında tam dil oxşarlıqları və əldə edilmiş mühüm nəticələrin ümumiləşdirilməsi, həmçinin gələcəkdə bu sahədə görülməsinə ehtiyac duyulan işlər və tövsiyələr qeyd edilib. Bu mənada, İraq-türkman dilinin akademik müstəvidə tədqiqi Azərbaycan dilinin təsir coğrafiyasının genişlənməsinə zəmin yaradacaq. Digər tərəfdən isə, İraq-türkman dilinin öyrənilməsi İraq türkmanları ilə Azərbaycan xalqı arasında elmi-mədəni və ədəbi əlaqələrin inkişaf tarixinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: