AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova Özbəkistan Respublikasının Qaşğadərya vilayətinin Qarşı şəhərində yerləşən Asiya Texnologiyalar Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Özbəkistan Respublikası Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan “Filologiya elminin aktual məsələləri” adlı elmi konfransda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Filippin, Tacikistan, Rusiya, Cənubi Afrika Respublikası, İran, Hindistan və s. kimi dövlətlərdən olan alim və tədqiqatçılar iştirak edib, filologiya sahəsi üzrə aktual elmi problemlər müzakirə olunub.
Tədbir çərçivəsində türkoloq Aytən Qurbanova “Türkdilli dövlətlərdə tədris sisteminə müasir yanaşmaların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib və konfrans iştirakçıları, eləcə də, universitet rəhbərliyi tərəfindən xüsusi maraqla qarşılanıb.
Konfrans müddətində iştirakçılar arasında elmi müzakirələr aparılıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Həmçinin tədbir çərçivəsində Özbəkistanın elmi və mədəni müəssisələri ilə tanışlıq imkanları yaradılıb.
Səfər Azərbaycan ilə Özbəkistan arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.