Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim, pedaqoq, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Hacıbala oğlu Şükürlü 28 aprel 2026-cı ildə ömrünün 78-ci ilində vəfat etmişdir.
Yusif Şükürlü 1948-ci il oktyabrın 27-də Azərbaycan Respublikasının Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kənd 1 saylı məktəbində başa vurduqdan sonra 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur. Əmək fəaliyyətinə müəllim kimi başlayan Yusif Şükürlü uzun illər Qəbələ və Şəki rayonlarının müxtəlif təhsil müəssisələrində fizika, riyaziyyat fənlərini tədris etmiş, pedaqoji sahədə zəngin təcrübə toplamışdır.
Yusif Şükürlü 1984-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun elmi fəaliyyəti əsasən biofizika və quruluş zülallarının fiziki xassələrinin öyrənilməsi sahəsini əhatə etmişdir. Alimin çoxillik tədqiqatlarının nəticələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda məruzə olunmuş, elmi jurnallarda dərc edilmişdir. O, onlarla elmi məqalənin, metodik vəsaitlərin, dərsliklərin, monoqrafiyaların müəllifi olmuş, həmçinin müəlliflik şəhadətnamələri və patentlər əldə etmişdir. “Quruluş zülalları” adlı monoqrafiyası onun uzun illər apardığı elmi axtarışların ümumiləşdirilmiş nəticəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Yusif Şükürlü yalnız alim kimi deyil, həm də bədii yaradıcılıq sahəsində özünəməxsus iz qoymuşdur. Onun “Çəhrayı gödəkçə” adlı bədii əsərlər toplusu və “Yetti” adlı elmi-fantastik romanı oxucular tərəfindən maraqla qarşılanmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi mühitdə də fəal iştirak etmişdir.
Yusif Şükürlü uzun illər ərzində elmi-təşkilati fəaliyyətlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 2014-cü ildən etibarən mərkəzin direktoru kimi fəaliyyət göstərən alim bu elmi qurumun inkişafına mühüm töhfələr vermiş, elmi tədqiqatların miqyasının genişlənməsinə, gənc kadrların yetişdirilməsinə və beynəlxalq elmi əlaqələrin gücləndirilməsinə nail olmuşdur. Onun rəhbərliyi dövründə mərkəzdə elmi nəşrlərin, patentlərin və innovativ layihələrin sayı əhəmiyyətli dərəcədə artmışdır.
Yusif Şükürlü yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, səmimi və təvazökar insan, tələbələrinə və həmkarlarına qayğı ilə yanaşan müəllim kimi tanınmışdır. Onun çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Görkəmli alim və pedaqoq Yusif Hacıbala oğlu Şükürlünün əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
AMEA-nın Rəyasət Heyəti
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.