Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu PHŞ ilə Pakistan Respublikasının Karaçi Universitetinin Kimyəvi və bioloji elmlər üzrə beynəlxalq mərkəzi (ICCBS) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb və tərəfdaşlıq daha 5 il müddətinə uzadılıb.
Memorandum Botanika İnstitutunun direktor vəzifəsini icra edən, direktor müavini professor Səyyarə İbadullayeva və Karaçi Universiteti ICCBS-in direktoru professor M. Raza Şah tərəfindən imzalanıb.
Memorandumda birgə elmi layihələrin hazırlanması, doktorant və dissertantların mübadiləsi, beynəlxalq konfrans və simpoziumların təşkili, elmi və metodik nəşrlərin mübadiləsi nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində ətraf mühitin idarə olunması, biomüxtəlifliyin qorunması və digər aktual elmi istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, yenilənmiş əməkdaşlıq memorandumu mövcud tərəfdaşlığın davamlı inkişafına, elmi potensialın gücləndirilməsinə və Azərbaycan elminin beynəlxalq müstəvidə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.