Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc alimlər futbolu
29.04.2026 14:00
  • A-
  • A
  • A+

Gənc alimlər futbolu

Akademiyada Futbol çempionatının başlanması münasibətilə

Budur gəlib yetişdi növbəti çempionat,

Futbolu sevənlərə bu iş verdi qol-qanad.

 

Minnətdar olmalıyıq biz təşkilatçılara,

Yaradıblar şərait onlar iştirakçılara.

 

Burda iştirak üçün yox heç bir məcburiyyət,

Bütün komandalarda var sağlam və xoş niyyət.

 

Sağlam bədən - sağlam ruh deyib qədim yunanlar

Razıyıq biz - idmanın cana xeyrin duyanlar.

 

Aprelin iyirmi biri püşkatma keçirildi,

Oyunların cədvəli müəyyənləşdirildi.

 

İndi çempionatda altı iştirakçı var,

Yəqin yarışa onlar ciddi hazırlaşıblar.

 

Bəzi komandalarda birləşib institutlar,

Dostluğa gərək deyil nəsə başqa sübutlar.

 

Ədəbiyyatçılarla birləşib tarixçilər,

Onların bu vəhdəti ruhlara ümid çilər.

 

Arxeoloqlar isə birdir şərqşünaslarla,

Birləşiblər yarışda könüllü əsaslarla.

 

Memarlar və həmçinin sənətşünaslar isə,

Filosoflarla birgə qoşulublar bu işə.

 

Bu dəfə gənclər qurub ayrıca bir komanda,

Qazanmaq istəyərək həm uğur, həm ad-san da.

 

Bu yarışın özəl bir xüsusiyyəti də var,

Bir-birini dost sayır bütün iştirakçılar.

 

Təbiidir ki, onlar peşəkar-zad deyillər,

Futbolçu geyimini müvəqqəti geyirlər.

 

Eyni zamanda onlar göstərir böyük həvəs,

Bunu görür oyuna baxan hər hansı bir kəs.

 

Xasdır çempionata Olimpiya devizi,

Qələbədən vacibdir məhz iştirakın özü.

 

Obyektiv səbəblərdən çox da məşq edilməyib,

Mütləq qələbə çalmaq məqsədi güdülməyib.

 

İzləyəcək həvəslə yarışı əməkdaşlar,

Bir azca dincələcək bu vaxt düşünən başlar.

 

Çempion kim olsa da, dostluq qalib gələcək,

Uduzanlar ürəkdən qəm-kədəri siləcək.

 

Güclülərin arzusu uğurlu bir sonluqdur,

Əsas hədəf onlarçün mütləq çempionluqdur!

Faiq BABAYEV, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: