Polşa Respublikasının Lublin şəhərində yerləşən Maria Küri-Sklodovska Universitetində (UMCS) “Şərqin ədəbi və dilçilik üfüqləri” mövzusunda (Literackie i Językowe Horyzonty Wschodu) II tələbə-doktorant elmi konfransı keçirilib.
Konfrans Şərq ədəbiyyatı və dillərinin müasir elmi yanaşmalar kontekstində araşdırılmasına həsr olunub və müxtəlif ölkələrdən gənc tədqiqatçıları bir araya gətirib. Konfransın proqramına uyğun olaraq çıxışlar üç bölmə üzrə təşkil olunub, ədəbiyyatşünaslıq, dilçilik və mədəniyyətlərarası tədqiqatlara dair aktual mövzular müzakirə edilib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva elmi məruzə ilə çıxış edib. Onun təqdim etdiyi “Atalıq fiqurunun metamorfik modeli: Anar və Bruno Şults yaradıcılığında yaddaş və identiklik” (“Метаморфная модель отцовской фигуры: память и идентичность в творчестве Анара и Бруно Шульца”) adlı məruzə müqayisəli ədəbiyyat çərçivəsində təqdim olunub. Məruzədə Şərq və Qərb ədəbi düşüncəsi arasında paralellər aparılıb, Anar və Bruno Şults yaradıcılığı əsasında ata obrazının transformasiyası, yaddaş və identiklik problemləri müqayisəli şəkildə təhlil edilib.
Tədbir çərçivəsində geniş elmi müzakirələr aparılıb, humanitar elmlərin aktual istiqamətləri üzrə fikir mübadiləsi həyata keçirilib. Konfrans gənc alimlər üçün beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.