Ulu əcdadlarımızın və möhtərəm cənab prezidentlərimiz – İlham Əliyev və Şavkat Mirziyoyevin açdıqları yol, müəyyənləşdirdikləri milli strateji yol xəritəsi ilə Özbəkistan Parlamentinin senatoru, Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Sirojoddin Saidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərlərini Gəncədən – dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yurdundan başladılar.
Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin prorektoru, professor Nurboy Cabbarov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Macid, birliyin əməkdaşları Sherzod Irzayev, Ahmad Ergashev və başqalarının daxil olduğu nümayəndə heyətinə Azərbaycan tərəfdən Azərbaycan Yazıçılar Birliyinin üzvü və qurumun beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, esseist Səlim Babullaoğlu rəhbərlik edirdi.
Şeyx Nizaminin yurdunda əziz qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevin rəhbərliyi ilə aparatın Ərazi-təşkilat və ictimai-siyasi şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abuzər Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlmuxtar Muxtarov, Gəncə Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev qarşılayıblar.
Qardaş özbəkistanlı qonaqların Azərbaycana səfərlərini Gəncə şəhərindən başlamaları heç də təsadüfi deyildir. Çünki bu yol ulularımız – Nizami Gəncəvinin, Əlişir Nəvainin, Heydər Xarəzminin, Məhəmməd Füzulinin, Maqsud Şeyxzadənin açdıqları nurlu, müqəddəs yoldur ki, bu gün də bu yolun müasir yolçuları eyni hissiyyatla, məfkurə ilə bu ali amalı müqəddəs əmanət kimi davam etdirirlər.
Türk dünyasının böyük mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı tarixin bütün dövrlərində türk dünyasının, xüsusilə Azərbaycan və Özbəkistan xalqlarının mənəvi sərvəti sayılıb. Nizami yaradıcılığında boy atıb inkişaf edən türk sevgisi Əlişir Nəvai irsində özünün ən yüksək zirvəsinə çatmışdır. Türkdilli klassik ədəbiyyatın nəhəng siması Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvini özünə ustad sayıb və əsərlərində bunu dönə-dönə vurğulayıb.
Heydər Xarəzmi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının təsiri ilə yazdığı məsnəvisinin müqəddiməsində yazır: “Bərk həyəcanlı idim. Bu zaman sanki Nizami Gəncəvi öz mərhəmətli əlləri ilə qapını açıb içəri girdi. Ayaqlarına yıxıldım. O, lütf ilə əlimdən tutub qaldırdı, “dur!” – dedi: “Bu gün dövran türklərin dövranıdır. Uca səslə türkü oxu! Sazını köklə, məhəbbətlə qopuzunu əlinə al, türk nəğməsi yarat! Şeirdə mənim yolum xoşagələndir, gülqənd kimi faydalıdır. Mən yazdığım xətlə qələm işlət! Mən keçən yola qədəm qoy!”
Göründüyü kimi, Nizami Gəncəvi “Mənim yolumla get” deyir. Bu yol isə dahi Nizaminin özünün gəldiyi, özündən sonra isə bəşəriyyətə, türk dünyasına, müsəlman aləminə miras qoyduğu xüsusi, ilahi nizama məxsus Nizami yoludur.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycan–Özbəkistan əlaqələrindən bəhs edərkən yazır: “Azərbaycan–özbək ədəbi əlaqələri qədim tarixə və böyük ənənələrə malik olsa da, əsasən Əlişir Nəvai üzərində qurulmuşdur. Böyük özbək mütəfəkkiri və şairi Əlişir Nəvainin adı və əsərləri Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin bünövrəsini təşkil edir. Belə də demək mümkündür ki, Əlişir Nəvai Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin rəmzidir. Əlişir Nəvainin böyük ustad hesab etdiyi Nizami Gəncəviyə münasibəti və Məhəmməd Füzulinin Əlişir Nəvai haqqındakı yüksək fikirləri xalqlarımız arasındakı ədəbi əlaqələrin məhək daşına çevrilmişdir”.
Hazırda Azərbaycan–Özbəkistan əlaqələrinin ən ali zirvəyə çatması cənab prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin adları ilə bağlıdır. İki ölkə arasında bu vaxtadək imzalanmış çoxsaylı sənədlər, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair 2024-cü ilin avqustunda müttəfiqlik müqaviləsinin imzalanması qarşılıqlı əməkdaşlıqda möhkəm hüquqi baza formalaşdırmışdır.
Əgər bu gün biz günümüz reallıqlarında Müzəffər Ali Baş Komandanımzın müdrik sözləri ilə “Bizim ailəmiz Türk dünyasıdır” deyiriksə, Türk Dövlətləri Təşkilatından, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatından (TÜRKSOY), Türk Birliyindən, Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən, ortaq türk dilindən, Beynəlxalq Türk Akademiyasından, Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan, 30 illik işğaldan sonra Azərbaycanın Füzuli şəhərində qardaş Özbəkistan Respublikasının dəstəyi ilə Əmir Teymurun nəvəsi, dünya şöhrətli riyaziyyatçı, astronom Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbdən danışırıqsa, bütün bunlar, əlbəttə ki, ulu əcdadlarımızın ən böyük niyazları, diləkləri və müasir liderlərimizin iradəsi ilə olmuşdur.
Qonaqlar Nizami şəhərini tarixilik və müasirlik kontekstində sadaladığımız ideyalarla gəzməyə başladılar...
Gəncənin ruhuna hopmuş söz və yaddaş məkanları bu səfərdə bir daha dirçəldi. Qonaqlar əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əzəmətli məqbərəsi önünə gəlib, onun hikmətlə yoğrulmuş irsinə ehtiramlarını dualarla, gül dəstələri ilə ifadə etdilər. 885 il öncə “Salam ver hörmətlə məndən salam al, gəl qəbrim üstünə edim istiqbal, hər zaman diriyəm sənin kimi mən, mən cana gələrəm, sən cana gəlsən” deyən dahi şairin ruhu yenə də bu torpaqda dolaşır, gələn əziz qonaqları kamilliyə səsləyirdi.
Daha sonra Nizami yolu onları görkəmli Azərbaycan mütəfəkkiri Mir Cəlal Paşayevin ev muzeyinə apardı. Burada ədibin düşüncə aləmi ilə üz-üzə qalan qonaqlar onun büstü önünə tər çiçəklər qoyaraq, maarifçi ideyalarına sədaqətlərini bildirdilər. Mir Cəlalın həyat fəlsəfəsi – xeyirxahlığı, insanı düşünməyə, cəmiyyəti anlamağa çağıran baxışı bu divarlar arasında da qonaqları idraka dəvət edirdi.
Səfərin növbəti dayanacağı Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi oldu. Burada bölmənin sədri Xəzangül Hüseynova ilə keçirilən görüş sözün gücü, ədəbiyyatın məsuliyyəti və milli ruhun qorunması ətrafında səmimi fikir mübadiləsinə çevrildi.
Səfər böyük Azərbaycan şairəsi, Azərbaycanın Xalq yazıçısı Anarın anası Nigar Rəfibəylinin zərif duyğularla yoğrulmuş poeziyasının rəmzinə çevrilən heykəli önündə başa çatdı. Xan bağının sakitliyində onun incə və həssas misraları sanki küləklə pıçıldaşırdı. Bu ziyarətlər bir daha göstərdi ki, söz adamlarının ideyaları zamanın fövqündə dayanaraq, nəsilləri bir-birinə bağlayan mənəvi körpüyə çevrilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixinə, mədəniyyətinə, ədəbiyyatına, şeirinə Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bəxş etdiyinə görə Gəncə torpağı əbədi minnətdarlığa layiqdir.”
Gəncədən – Nizami yurdundan bu hissiyyat və duyğu-düşüncələrlə Bakıya qayıdan qonaqların ilk ziyarət etdikləri məkan da məhz Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyev və Dağüstü parkda Şəhidlər xiyabanı oldu.
Daha sonra qonaqlar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın sədrliyi ilə “Natəvan” klubunda Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimində iştirak etdilər. Kitabı Azərbaycan dilinə ədəbiyyatşünaslar Akif Azalp və Yaşar Qasımbəyli tərcümə ediblər. Ön sözün müəllifi millət vəkili Cavanşir Feyziyev, tərtibçisi isə Fərid Hüseyndir.
Kitabın təqdimat mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin prorektoru, professor Nurboy Cabbarov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Macid, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu, nəvaişünas alim, professor Almaz Ülvü Binnətova, türkoloq Əkbər Qoşalı, tanınmış yazıçı-publisist Emil Nəsirli, “Ensiklopediya” Nəşriyyatının direktoru Fikrət Nağıyev və digər ictimai xadimlər, elm, təhsil, mədəniyyət nümayəndələri iştirak ediblər.
Yüksək təşkilatçılığa, təqdimata və qonaqpərvərliyə görə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar başda olmaqla bütün iştirakçılara minnətdarlığını bildirən Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid öz duyğu və düşüncələrini bu sözlərlə yekunlaşdırdı: “Özbəkistan ədəbi əlaqələri əbədi əlaqələrdir. Bunu deməyə o əsasım var ki, Əlişir Nəvai babamız böyük Nizamiyə çox böyük hörmət, ehtiram, etiqad bəsləyib. Bu elə bir dostluqdur ki, onu heç bir qüvvə sarsıda bilməz.”
Əlimuxtar Muxtarov, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.