Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.05.2026 11:08
  • A-
  • A
  • A+

Professor Nailə Rəhimbəyli Gəncədə keçirilən elmi-praktik seminarda məruzə edib

Professor Nailə Rəhimbəyli Gəncədə keçirilən elmi-praktik seminarda məruzə edib

“Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda keçirilən elmi-praktik seminar Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutub.

Seminar AMEA Gəncə Bölməsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunub.

MEMİM –in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək xalq yaradıcılığı, müxtəlif folklor janrlarının milli mədəniyyətin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor qaynaqlarının əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsi olub.

Tədbirdə milli mədəniyyətin folklor qaynaqlarını əks etdirən məruzələr səslənib. Məruzələr arası seminar iştirakçılarına musiqi və rəqs nömrələri təqdim olunub. Göygöl və Ağdam rayon folklor qrupların çıxışı da təqdim olunub.

Seminarda, həmçinin AMEA Memarlıq və İncəsənət İnstitutunun Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli “Azərbaycan  bəstəkarlarının yaradıcılığında folklordan istifadə məsələləri” adlı məruzə ilə çıxış edib.  Məruzədə qeyd edilib ki, folklor əsrlər boyu formalaşmış bir xalqın istəklərini, müdrikliyini, hisslərini əks etdirən əvəzsiz bir xəzinədir. O cümlədən, folklor xalqın mənəvi inkişafının çoxəsrlik tarixidir. Onun böyük bir hissəsini məhz xalq musiqi yaradıcılığı təşkil edir ki, burada xalq mahnıları və rəqslər dinamik  inkişaf prossesiylə xalqın mənəvi kodunu özündə ehtiva edir və gələcək nəsilə inteqrasiya olunmasına şərait yaradır. Dahi Üzeyir Hacıbəylinin təşəbbüsüylə bəstəkarlar, ifaçılar xalq mahnılarının toplanmasına cəlb edilir, ekspedisiyalar təşkil olunur, bir sıra məcmuələr işıq üzü görür. Bəstəkarlar öz yaradıcılıqlarında xalq musiqi nümunələrindən istifadə edib, onları iri həcmli əsərlərində səsləndirərək xalq mahnılarını, rəqsləri “məişət formatından” azad edib, musiqi nümunələrinin daxilindən gələn lirik-dramatik potensialını üzə çıxarmış oldular. 

Təqdim olunan məruzələr maraqla qarşılanıb, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqı Gəncə bölməsinin rəhbəri bəstəkar Məmməd Cəfərovun pianoda ifası tədbirin rəngarəngliyini artırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: