Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, institutun dissertantı Ofelya Quliyeva, baş elmi işçisi kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva, aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva, baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, Elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanovanın həmmüəllifi olduqları məqalə Q2 kvartilli “Journal Of Thermal Analysis And Calorimetry” jurnalında (2026, https://doi.org/10.1007/s10973-026-15509-0) dərc olunub.
“Structural features and isothermal crystallization mechanism of composites based on ethylene/hexene copolymer and fibrous basalt” (Etilen/heksen kopolimeri və lifli bazalt əsaslı kompozitlərin struktur xüsusiyyətləri və izotermik kristallaşma mexanizmi) adlı məqalədə lifli bazaltın (LBZ) miqdarının (1.0, 3.0, 5.0, 10, 15, 20 kütlə %) və etilen/heksen birgəpolimeri (EHB) əsasında alınan kompozitlərin xüsusi həcminin temperaturdan asılılıq qanunauyğunluqlarına təsirinin tədqiqi nəticələri təqdim olunub. İzotermik kristallaşmanın kinetik qanunauyğunluqlarının öyrənilməsi EHB + LBZ əsasında kompozitlərdə kristal törəmələrin böyümə prosesinin mexanizmini müəyyən etməyə imkan verib. Kolmoqorov-Avrami tənliyinə uyğun olaraq, K və n qiymətləri təyin edilib və buna əsasən lifli bazaltın miqdarından asılı olaraq kristal törəmələrin böyümə mexanizmi və növü müəyyən edilib. Doldurucu miqdarının 1.0 kütlə%-dən 20 kütlə%-ə qədər artması ilə kristallaşma prosesinin mexanizmi üçölçülü sferolit formasiyadan ikiölçülü lövhəyəbənzər, sonra isə birölçülü çubuğabənzər kristal quruluşların böyümə tipinə keçib və bu tip böyümələr homogen və heterogen nüvələşmə mərkəzlərinin əmələ gəlməsi ilə davam edib.
Qeyd edək ki, impakt faktoru 3.1-ə bərabər olan jurnal Science Citation Index Expande (SCIE), Scopus, Chemical Abstracts Service (CAS) və s. kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.